
Bunu Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, tarif siyasəti qlobal ticarətin sərtləşməsinə və neft qiymətlərinin düşməsinə səbəb ola bilər:
“Yeni tarif qərarları qlobal ticarət axınlarında yavaşlama, qeyri-müəyyənlik və maliyyə bazarlarında dalğalanmalar yaradır. Bu isə dünya üzrə enerji tələbatının azalmasına gətirib çıxara bilər ki, bu isə Azərbaycanın neft ixracı üçün vacib xarakter daşıyır.Nəticədə, neft qiymətlərinin azalması xarici valyuta gəlirlərinə və icmal büdcə ehtiyatlarına təsir edə bilər.
Tarif siyasəti dolların güclənməsimə və idxalın bahalaşmasına səbəb ola bilər.
Yeni tariflər ABŞ-da inflyasiyanı artırarsa, Federal Ehtiyat Sistemi faizləri yüksəldə bilər. Bu da dolların möhkəmlənməsinə yol açacaqdır. Dünən FED ABŞ-da faziləri azaltmayaraq sabit saxlamaq qərarı belə bir təhlükənin olduğuna işarə edir.
Azərbaycan manatının faktiki şəkildə sabit olmasına baxmayaraq, dolların artan dəyəri idxal olunan malların—xüsusilə ərzaq, dərman və texniki avadanlıqların—qiymətinin yüksəlməsinə səbəb ola bilər. Nəticədə, daxili bazarda inflyasiya təzyiqləri güclənə bilər”.
ABŞ prezidentinin tarif tətbiqinin Azərbaycana təsirlərinə gəldikdə deputat bildirib ki, bütün bunlarla yanaşı bu siyasət Azərbaycanın iqtisadiyyatı üçün yeni fürsətlər də yarada bilər: “Belə ki, ölkəmizin ticarət partnyorlarının tariflərlə üzləşməsi nəticəsində bəzi idxalçılar alternativ bazar və tədarükçü axtarışına keçə bilər.
Bu şərtlər, Azərbaycan üçün kənd təsərrüfatı, tekstil, alüminium, və kimya məhsulları sahəsində yeni iqtisadi fürsətlər yarada bilər.
Yüksək tariflər enerji bazarlarında qeyri-müəyyənlik və qiymət artımına da səbəb ola bilər. Bu isə Azərbaycan üçün qısa müddətli neft gəlirlərində artım potensialı da yarada bilər.
İstənilən böhranı fürsətə çevirmək iqtisadi siyasətin əsas hədəfidir”.