
Heydər Əliyev yenidən Azərbaycana siyasi hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan dilinin qorunması, onun rəsmi və əbədi dil kimi inkişafına dairardıcıl fərman və sərəncamlar imzaladı. Ulu Öndər 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” imzaladığı fərmanda dilimizin zaman-zaman əldə etdiyi uğurlarla yanaşı, yaşadığımız dövrdə dövlət dili sahəsində yaranmış problemlər geniş təhlil edilib, həmin problemlərin həlli yolları göstərilib. Dahi lider Heydər Əliyevin “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ana dilinə hər zaman həssaslıqla yanaşan, dilimizin dərin bilicisi olan Ümummilli Lider deyirdi: “Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var”.
Azərbaycan dili Azərbaycan Respublikasında, Cənubi Azərbaycanda, eləcə də bir çox ölkələrdə yaşayan azərbaycanlıların ana dilidir. Dilimiz tarixən türk dili, türki, türkcə adı ilə tanınmış, indi isə Azərbaycan dili kimi rəsmiləşdirilmişdir.Hazırda dünyanın müxtəlif yerlərində yaşayan 35 milyondan çox azərbaycanlı bu dildə danışır. Azərbaycan dili müstəqil respublikamızın dilidir. Əminliklə demək olar ki, bu gün Azərbaycan dili müstəqil bir dövlətin dilidir. Ana dilimizin inkişafı və zənginləşdirilməsi dövlət başçımızın diqqət mərkəzində saxladığı mühüm məsələlərdəndir.
Samiyə Abdulkərimova - 12 saylı şəhər poliklinikasının baş həkimi