Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə əlaqədar - Bizim qələbəmiz ədalətli və tam qələbədir

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda çıxışı ilə əlaqədar - Bizim qələbəmiz ədalətli və tam qələbədir Ənənəvi xarakter almış Şuşa Qlobal Media Forumu artıq üçüncü dəfədir ki, Qarabağda keçirilir. Bu da onu göstərir ki, ərazilərimiz azad olunandan sonra yenidənqurma işləri, eləcə də 30 ildən artıq bu yerlərdən didərgin düşmüş insanların öz əzəli və əbədi torpaqlarına qayıtması maraq doğurur.
İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşünün də məhz Xankəndində keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, həyatın buraya, o cümlədən Xankəndiyə geri qayıtdığını göstərir. Təşkilata üzv olan ölkələrin yüksək səviyyədə iştirakı Azərbaycana, torpaqlarımızın qaytarılmasından sonra dağıdılanları yenidən həyata qaytarmağa verilən dəstək kimi qiymətləndirilir.
Cənab prezident İlham Əliyev belə bir mühüm tədbirdə öz çıxışında bir çox əhəmiyyətli məsələlərə yer verib. Qarabağda yenidənqurma işlərində dost dövlətlər də öz dəstəyini göstərərək Azərbaycana dəyər verdiklərini hər zaman nümayiş etdiriblər. Belə ki, ilk dəstəyi Özbəkistan verib. Hörmətli prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib.
Şuşa Qlobal Media Forumunda Zəngəzur dəhlizi məsələsinə də toxunulub. Zəngəzur dəhlizi təkcə Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə kifayətlənməyəcək, həmçinin beynəlxalq tranzit dəhliz rolunu oynayaraq bir çox ölkələri birləşdirəcək.
III Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlərdən biri də COP-29 tədbiri olub. Keçən il keçirilmiş iqlim dəyişmələri konfransında 197 ölkədən nümayəndələr iştirak edib. Həmin tədbirdə 70 dövlət və hökumət başçısının iştirakı iqlim dəyişmələri məsələsinin əhəmiyyətini aydın şəkildə göstərdi. Həmçinin Bakıya, Azərbaycana bir çox insanların ilk dəfə səfəri ölkəmizə olan marağı bir daha sübut edir.
Ölkəmizin qlobal iqlimə təsirinə gəldikdə isə cənab prezident vurğulayıb ki, Azərbaycan ekologiyaya hörmətlə yanaşan ölkədir. Elektrik enerjisinin istehsalında nə kömürdən, nədə ki yanacaqdan istifadə edilir. Yalnız su və təbii qaz ehtiyatları vasitəsilə əldə edilir. Bu yaxınlarda günəş enerjisindən istifadəyə başlanılıb. Hamımız anlayırıq ki, biz planetimizi qorumalıyıq. Lakin, eyni zamanda, anlayırıq ki, neft və qaz olmadan inkişafı, gələcəyimiz planlaşdırmaq, vətəndaşlarımız üçün lazımi şəraitləri təmin etmək mümkün olmayacaq.
COP 29-da mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, konstruktiv mühit yaradıldı, Afrika ölkələrinə birmənalı dəstək prioritet məsələlərdən birinə çevrildi.
Azərbaycanın bugünkü vəziyyətindən danışarkən Ulu öndər Heydər Əliyevin rolunu vurğulamasaq, olmaz. İqtisadiyyatı dağılmış, inflyasiyaya uğramış, kütləvi işsizlik, yoxsulluq hökm sürən Azərbaycanda hakimiyyətə məhz Ulu öndər Heydər Əliyev gəldi, bu ağır yükü öz üzərinə götürdü. Onu sayəsində vəziyyət sabitləşdi, dövlətimiz dirçəldi. Biz hər zaman torpaqlarımızı necə qaytarmağı fikirləşirdik. Bu gün artıq torpaqlarımız öz əbədi və əzəli sahiblərindədir. Bu, çox çətinliklə əldə olunmuş qələbədir. Bizim qələbəmiz ədalətli və tam qələbədir.
Cənab prezident İlham Əliyev üçün Ulu öndər Heydər Əliyevin, eləcə də bu torpaqlardan didərgin düşən, ədalətin bu təntənəsini görmədən dünyadan köçənlərin vəsiyyətini yerinə yetirmək böyük şərəf və qürur mənbəyidir.
III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının inkişafı da təqdirəlayiq görülüb. Cənab prezident İlham Əliyev media nümayəndələrini yubiley münasibəti ilə təbrik edib. Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, lazım gəldikdə hücuma da keçir. Azərbaycan bu gün elə bir mərhələdədir ki, hələ də özünü müdafiə etməyə ehtiyacı var. Bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb.
Beləliklə, III Şuşa Qlobal Media Forumunda ən mühüm mövzuların mehriban şəraitdə açıq müzkirəsi həyata keçirilir.

Sabunçu rayonu, Raman qəsəbəsi, E.Ağayev adına 198 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ətrabə Ağayeva.

Oxşar xəbərlər