
Təəssüflər olsun ki, bu xəbərdarlıqlar ciddi qəbul edilmədi və nəticədə Ermənistan, həm döyüş meydanında, həm də beynəlxalq nüfuz müstəvisində məğlubiyyətə uğradı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi Azərbaycanın şanlı tarixində dönüş nöqtəsinə çevrildi. Müzəffər Ordumuz qəhrəmanlıqları sayəsində 10 noyabr 2020-ci il tarixində Ermənistan kapitulyasiya aktı imzalayaraq məğlubiyyətini etiraf etdi.
Çox təəssüf ki, mən də bu acı və şanlı tarixlərin şahidi olmuş bir insanam. Hələ kiçik yaşlarımdan məcburi köçkünlük həyatı yaşamışam. Uşaqlığım ata yurdumun yoxluğu ilə keçmiş, adi şeylər – kəndimizin dağ havası, babamın həyətindəki tut ağacı, kənd məscidindən gələn azan səsi – mənim üçün əlçatmaz xatirələrə çevrilib.Uşaqlıq illərimdən yaddaşıma ən dərin iz salan anlardan biri isə ANS televiziya kanalının "Xəbərçi" informasiya proqramı ilə bağlıdır. Mərhum Qənirə Paşayevanın dərin təəssürat yaradan səsi ilə “Ermənistanın Azərbaycana təcavüzü davam edir” sözləri, demək olar ki, hər gün eşitdiyim xəbərin girişinə çevrilmişdi. O xəbərlərin ardınca gələn şəhid xəbərləri, dağıdılmış kəndlərin görüntüləri mənim uşaq qəlbimdə iz buraxır, qanımı qaraldır, bir körpə qız olaraq göz yaşları içində yazdığım vətənpərvər şeirlərə çevrilirdi. Qənirə xanım mənim kumirimə çevrilmişdi – onun hər cümləsi, hər çağırışı məni həm qorxudur, həm də ruhlandırırdı. Beləliklə, uşaq yaşlarımdan haqq-ədalət və Vətən sevgisi ilə böyüdüm.
Cənab Prezidentin çıxışlarında xüsusi vurğuladığı kimi, Ermənistan işğal dövründə təkcə torpaqlarımızı deyil, həm də mədəni və dini irsimizi yerlə-yeksan etmişdi. 67 məsciddən 65-i dağıdılmış, digərləri isə təhqiramiz şəkildə heyvan tövləsinə çevrilmişdi. Qəbiristanlıqlar dağıdılmış, başdaşılar oğurlanaraq Ermənistana aparılmışdı. Bu vəhşiliklər sivil dünyaya qarşı yönəlmiş vandalizm aktları idi.
Bu gün isə yeni bir səhifə açılıb: azad edilmiş torpaqlarda həyat yenidən canlanır. Hazırda Sabunçu rayonu 142 nömrəli tam orta məktəbdə peşə təmayüllü siniflərin qrup rəhbəri kimi çalışıram. Hər dərs gənc nəslə aşılayıram ki, bu zəfər təsadüfi deyil – bu, milli birliyin, dövlət-xalq həmrəyliyinin və Cənab Prezident İlham Əliyevin müdrik və qətiyyətli siyasətinin nəticəsidir. Bizim vəzifəmiz azad Qarabağda yaşamağa, işləməyə və qurmağa hazır, vətənpərvər nəslin yetişməsidir.
Azərbaycan xalqı sübut etdi ki, torpaq uğrunda can verilir, amma Vətən heç vaxt unudulmur. Mənim kimi minlərlə keçmiş məcburi köçkün üçün bu qələbə – sadəcə siyasi hadisə deyil, öz evinə dönmək ümidi, yaddaşın bərpası və şəxsiyyətin bütövləşməsi deməkdir.
Müəllif:
Arzu Nəbizadə
Sabunçu rayonu 142 nömrəli tam orta məktəbin Peşə Təmayüllü Siniflərinin qrup rəhbəri