Zəfər bizimlə əbədi yaşayacaq!

Zəfər bizimlə əbədi yaşayacaq!
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə edildi. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad olundu. Noyabrın 8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri de işğaldan azad edilmişdir.
Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynadı. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınıb.
Noyabrın 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdi: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə

Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.”
Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış 2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan xalqı öz dövlət başçısı və ordusu ətrafında sıx birləşərək parlaq qələbənin qazanılmasında önəmli rol oynamış oldu. Müharibənin ilk günlərindən cənab Prezidentin diplomatik peşəkarlığı və müdrikliyi xaricdən ölkəmizə qarşı yönəlmiş bütün cəhdlərin qarşısının qətiyyətlə alınması ilə nəticələndi. 30 ilə yaxın müddət ərzində möhkəmləndirilmiş və “keçilməz” adlanan müdafiə xətti qəhrəman ordumuz tərəfindən yarılaraq düşmənin canlı qüvvələri və zirehli texnikası məhv edilmiş oldu. Döyüş meydanında qazanılmış zəfər nəticəsində qısa vaxt ərzində işğal altındakı torpaqlarımız düşməndən azad edildi:
Azərbaycanın əldə etdiyi qələbə təkcə özünün deyil, eyni zamanda bütün türk və islam dünyasının qələbəsi idi. Əldə edilmiş zəfər erməni faşizminin qarşısının birdəfəlik alınması və regionda sülh və təhlükəsizliyin qorunması istiqamətində olduqca önəmlidir.
Qeyd etməliyik ki, Azərbaycan dövləti əldə etdiyi qələbə ilə vəzifəsini bitmiş hesab etmir. Ölkəmizin qarşısında hazırda daha mühüm vəzifələr, işğaldan azad edilmiş ərazilərimizin bərpası və soydaşlarımızın öz yurdlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış strategiyası uğurla icra edilir. Böyük qələbədən ötən 4 il müddətində bu istiqamətdə çox böyük işlər görülməkdədir.

Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Şəhanə İmanova



Oxşar xəbərlər