Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir

Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin  qürur dolu səhifələridir

Hər insanın həyatında olduğu kimi, şəhərlərin də əlamətdar tarixləri olur. Bu mənada, işğaldan azad olunmuş ərazilər üzrə şəhər günlərinin təsis olunması da olduqca əlamətdardır. 30 ilə yaxın yolumuzu gözləyən düşmən əsarətindəki ərazilərimizin işğaldan azad edildiyi günlərin təsis edilməsindən daha xoş heç nə ola bilməz. Hər bir şəhər gününün öz tarixçəsi var.
2020-ci il 27 sentyabr tarixində başlanan müharibədə 27 il erməni işğalı altında qalan Cəbrayıl rayonunun 4 oktyabr tarixində işğaldan azad edilməsi müharibənin ilk böyük addımı olmuş və Azərbaycan xalqı 44 günlük Vətən müharibəsini qalibiyyətlə başa vuraraq öz tarixinə yeni şərəfli səhifə yazmışdır. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycan əsla işğalla barışa bilməzdi, bu səbəbdən də öz haqq savaşında sonuna qədər mübarizə apararaq 30 illik həsrətə son qoydu. Cəbrayılın azad edilməsi Azərbaycan xalqında ruh yüksəkliyini, ordumuzda döyüş ruhunu, özünə inamı daha da artırdı. Cəbrayılın işğaldan azad edilməsi xüsusi əhəmiyyət daşımağında səbəb ondan ibarətdir ki, Cəbrayıl Vətən müharibəsində azad edilən ilk şəhərimizdir.
27 il əvvəl Cəbrayıl rayonu işğal olunduqdan sonra ərazisində olan 100-ə yaxın kənd, məktəb, xəstəxana, mədəniyyət ocağı ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış, məcburi köçkünlər isə respublika ərazisində, o cümlədən qaçqın düşərgələrində, yataqxanalarda məskunlaşmışlar.
Mənfur düşmənin illərlə bitib tükənmək bilməyən təcavüzkar siyasəti və sentyabrın 27-də törətdiyi növbəti hərbi təxribatı Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan Ordusunun əks hərbi əməliyyatlara başlamasına səbəb oldu. İlham Əliyevin yenilməz siyasi iradə və qətiyyəti, ordumuzun gücü və xalqımızın öz rəhbəri ətrafında bir amal uğrunda birləşməsi Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsini şərtləndirən əsas amillərdən oldu. Müharibənin davam etdiyi müddətdə bütün dünya Azərbaycanın gücünə və əzminə şahid oldu. 44 gün davam edən müharibəni əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz qazandılar. Hansı hərbi vasitələrdən istifadə etmələrindən asılı olmayaraq bu qələbə sevincini xalqımıza onlar yaşatdılar. Müharibə başlandığı gündən Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər və 80 kənd işğaldan azad edildi, Xocavənd rayonunun kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirilməsi üçün geniş imkanlar yarandı.
Bu qələbə həm də həqiqətləri ortaya çıxardı. Belə ki, ordumuz döyüş meydanındakı əməliyyatları ilə dünyaya səs saldı. Bir çox ölkələr bu gün ordumuzun döyüş təcrübəsi ilə maraqlanırlar.Vətən müharibəsi onu da təsdiq etdi ki, Ermənistan Azərbaycanla mübarizə aparmaq gücündə deyil.
2020-ci ilin noyabr ayının 16-da ölkə Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Cəbrayıl rayonuna səfəri və Müzəffər Ali Baş Komandanımızın Xudafərin körpüsündə Azərbaycan bayrağını ucaltması böyük tarixi və siyasi əhəmiyyətə malikdir. Çünki Xudafərin xalqımızın Azərbaycan tarixində dərin iz buraxmış milli qürur məsələsidir.
2020-ci il noyabrın 26-da Prezident İlham Əliyev “Cəbrayılın azad olunmasına görə” medalını təsis edərək ordumuzun qəhrəmanlıq və şücaətini yüksək qiymətləndirdiyini bir daha sübut etdi. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.
Azərbaycan ictimaiyyəti artıq 3-cü ildir ki, Cəbrayıl işğal gününü qeyd etmir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir. Bu səhifələri bizə bəxş edən dövlətimizin başçısına, milli ordumuzun zabit və əsgərlərinə, torpaqlarımız uğrunda canından keçən şəhidlərə və sağlamlığını itirən qazilərə minnətdarıq. Təqvimə salınan bu yeni günlər gələcək nəsillərin tariximizi dərindən öyrənməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malikdir. Eyni zamanda yaşanan və yaşadılacaq tarixdir.


Təranə Səmədova,
Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru, YAP fəalı


Oxşar xəbərlər