
Türkiyənin Cənubi Qafqaz regionunda söz sahibi olmasını şərtləndirən, Azərbaycanın isə burada liderliyin qoruyub saxlamasına böyük töhfə olan Şuşa Bəyannaməsi hər iki ölkənin bölgədə və beynəlxalq müstəvidə nüfuzunu dəfələrlə artırmış oldu. Bəyannamənin müddəaları Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası ilə Türkiyə arasında 13 oktyabr 1921-ci ildə bağlanmış, bütövlükdə Türkiyə ilə bərabər Azərbaycanın da maraqlarını ifadə edən və Ermənistanın ərazi iddialarının qarşısına sipər çəkmiş Qars sülh müqaviləsinin mahiyyətinə tam uyğundur. Bu mənada Şuşada imzalanmış sənədin böyük diplomatik uğur olduğu şübhəsizdir. Digər tərəfdən, ölkəmiz bundan sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda bölgədə gedən proseslərə daha fəal təsir imkanı əldə etmişdir. Başqa sözlə, demək olar ki, Cənubi Qafqazın taleyi artıq Türkiyə-Azərbaycan müttəfiqliyi və birgə imzası əsasında Şuşada möhürlənmişdir.
Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək strateji tərəfdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Azərbaycan-Türkiyə qardaşlığı və əməkdaşlığının bütün sahələr üzrə davamlı inkişaf etdirilməsinə nail olan Prezident İlham Əliyevlə Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca dəyərlidir. Bu mənada, Əliyev-Ərdoğan birliyi və həmrəyliyi, dövlət başçılarının bir-birinə qardaşım deyərək müraciət etmələri xalqlarımız üçün də, dünya birliyi üçün də nümunədir. Bütün dünya bu qardaşlığı 44 günlük Vətən müharibəsi zamanı da müşahidə etmişdi. Məhz, həmin dövrdə Türkiyənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər. Nə qədər beynəlxalq təzyiqlər olsa da, Türkiyə qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədi. Məhz, əldə olunmuş zəfərin siyasi zirvəsi olan Şuşa görüşü də dünyaya 44 günlük müharibə dönəmində olduğu kimi mühüm mesajdır.
Süsən Qulamova-187 saylı orta məktəbin müəllimi