
Təməli 1994-cü il mayın 24-də Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sərgi artıq hər il təxminən eyni vaxtda keçirilən ənənəvi tədbirə çevrilib. İlk dəfə reallaşanda o, “Xəzər dənizində neft-qaz hasilatına dair sərgi” adlanırdı. İndi sərgi əhatə etdiyi sahələrə uyğun olaraq adını da dəyişib. Üstəlik, hər il sərgi ilə yanaşı, eyni adlı konfrans da keçirilir.
Sərgi və konfrans Azərbaycan dövlətindən, burada fəaliyyət göstərən qurumlardan və beynəlxalq şirkətlərdən daim dəstək alır. Cənab prezident İlham Əliyevin hər dəfə tədbirin açılışındla iştirakı, ekspozisiyalarla tanış olması sərgi-konfransın əhəmiyyətini bir daha təsdiqləyir. Keçən il iyunun 5-də 19-cu sərginin açılışında çıxış edərkən dövlət başçısı demişdir: “Buraya gələrkən mən birinci sərgini xatırlayırdım. O sərgi 1994-cü ildə təşkil edilmişdi. Birinci sərginin Azərbaycanın nəinki neft-qaz sənayesində, ümumi inkişafında çox böyük rolu olmuşdur. Çünki Azərbaycan gənc müstəqil dövlət idi. Dünyaya hələ özünü tanıtdıra bilməmişdi. Azərbaycanın zəngin neft-qaz yataqları haqqında, əlbəttə ki, mütəxəssis dairələrində bilgilər var idi. Ancaq geniş biznes dairələri bundan xəbərsiz idi. Məhz sərginin 1994-cü ildə keçirilməsi ilə Azərbaycanın imkanları, xüsusilə neft sektorundakı imkanları dünyaya təqdim edildi. Azərbaycana çox böyük maraq göstərilməyə başlandı. Təsadüfi deyildir ki, sərgidən bir neçə ay sonra “Əsrin kontraktı” imzalanmışdır ki, bu gün biz hamımız onun nəticələrini görməkdəyik”.
İndi həmin tədbiri “Əsrin müqaviləsi”nin müjdəçisi adlandıranlar heç də yanılmırlar. Çünki o zaman Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” yataqlarının tammiqyaslı işlənməsi üçün sazişin imzalanmasına cəmi bir neçə ay qalırdı. Amma bu barədə qəti bir söz demək mümkün deyildi. Hələ danışıqlar gedirdi. Sərginin keçirilməsi məhz həmin qlobal müqavilənin imzalanmasına dəstək verdi, bir növ yol açdı. Növbəti illərdə keçirilən sərgilər də əməkdaşlıq və tərəfdaşlıq üçün yeni-yeni körpülər saldı. Həmin tədbirlərdə neçə-neçə layihələr üçün ideyalar yarandı.
Balaxanı qəsəbəsi, 259 nömrəli tam orta məktəbin
riyaziyyat müəllimi Aynur Paşayeva