Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyənin İŞİD-dən neft alması təsdiqləndiyi halda istefa verəcək.
Bu barədə Türkiyə KİV-i xəbər verir.
“Biz o qədər vicdansız deyilik ki, terrorçulardan neft alaq. Əgər bizim bunu etdiyimiz sübut olunsa, mən vəzifəmdən getməyə hazıram. Əgər kiminsə hər hansı bir sübutu varsa, göstərsin, biz də görək”, - Türkiyə lideri bildirib.
Ərdoğan həmçinin qeyd edib ki, Türkiyə Rusiyanın tətbiq etdiyi sanksiyalara cavab vermək fikrində deyil.
“Biz Su-24 təyyarəsi vurulduqdan dərhal sonra Rusiyaya radarların məlumatını göstərdik və vəziyyəti başa saldıq. Biz Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğumuz bildirdik. Hal-hazırda Rusiya tərəfinin verdiyi bəyanatları izləyirik. Biz səbirlə hərəkət edəcəyik. Qoy onlar əllərində olan bütün daşları atsınlar. Biz isə öz qərarımızı sonra verəcəyik”.