Paşinyandan komandasına İLGİNC tapşırıq – Revanşistlər TƏLAŞDA

Paşinyandan komandasına İLGİNC tapşırıq – Revanşistlər TƏLAŞDA Ermənistanda kritik parlament seçkiləri yaxınlaşdıqca siyasi hərarət də yavaş-yavaş yüksəlir. Artıq radikal müxalifət və ona bağlı media indidən hakimiyyəti seçkiləri saxtlaşadırmaq planları qurmaqda ittiham etməyə başlayıb.

“Nikol Paşinyan hər fürsətdə 2026-cı ildə kimin hakimiyyətə gələcəyinə xalqın qərar verəcəyini təkrarlasa da, son partiyadaxili görüşlərdə o, ardıcıl olaraq qələbəsinin alternativinin olmadığını bildirib”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

“Komandaya qələbənin təmin olunması tapşırılıb. Özü də 50%+1 üstünlüklə yox, təkpartiyalı hökumət qurmaq üçün gərəkən 60%-lik nəticə ilə”, - nəşr iddia edib.
Bəs qarşıdakı seçkilərdən sonra da Paşinyan üçüncü dəfə təkpartiyalı hökumət formalaşdıra biləcəkmi, hansı ki, Bakı və Ankaranın da maraqlarına cavab verir...

Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Paşinyanın öz partiyasının qarşısında belə bir hədəf qoyması anlaşılandır:

“Paşinyan yaxşı bilir ki, bu seçkilər onun həm özünün, həm partiyasının, həm də Ermənistanın taleyində olduqca mühüm əhəmiyyətə malikdir. Nəzərə alsaq ki, 2018 və 2021-ci ildə keçirilən seçkilərdə Paşinyanın partiyası parlaq qələbə qazanmaqla parlamentdə birpartiyalı hökumət qurmağa nail olmuşdu. O, bu nəticəni üçüncü dəfə təkrar eləməyi qarşısına məqsəd qoyub. Doğrudur, keçən 8 il müddətində Paşinyanın həm özünün, həm də partiyasının reytinqi aşağı düşüb, amma nəzərə alsaq ki, onun rəqibləri həm şəxsi mənada, həm də siyasi qüvvə olaraq daha çox reytinq itiriblər və bu da Ermənistan cəmiyyətində seçicilərin siyasi proseslərə apatiyası ilə daha çox izah olunur.

Paşinyan rəqiblərinə qarşı son bir ildə ciddi tədbirlər həyata keçirib və siyasi müxalifət xeyli dərəcədə marginallaşdırılıb, kilsə ilə mübarizə davam etməkdədir, Rusiyadan ezam olunmuş oliqarxlara qarşı kəskin münasibət sərgilənməkdədir. Paşinyan son dövrlər həm beynəlxalq səviyyədə, həm də Azərbaycanla münasibətlərdə ciddi uğurlar əldə edib. Bu səbəbdən onun son dövrlər nüfuzu müəyyən qədər artıb. ABŞ ilə Ermənistanın münasibətlərində ciddi irəliləmələr var. ABŞ-ın vitse-prezidentinin Ermənistana planlaşdırılan səfəri də Paşinyanın mövqelərinin güclənməsinə xidmət edəcək. Bundan başqa Avropa İttifaqı ilə münasibətlərin intensivləşdirilməsi və Ermənistana ayrılan maliyyə yardımları da baş nazirin mövqeyinin güclənməsinə xidmət eləyən amillərdəndir”.

Bütün bunları əsas göstərən politoloq hesab edir ki, Ermənistanda seçkilərdə çox böyük sürprizlərin olacağı düşünülmür:

“Böyük ehtimalla Nikol Paşinyanın partiyası seçkilərdən qalib çıxacaq. Amma təkbaşına hökumət qurmaq səviyyəsində səs qazanmaları biraz problematik görünür. Rusiyayönümlü qüvvələrin birləşməsi Paşinyan üçün müəyyən problemlər yarada bilər. Rusiyanın proseslərə müdaxilə etmək cəhdləri də prosesə neqativ təsir eləyə bilər”.

Oxşar xəbərlər