Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu

Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu
Qubadlı toponimi Qubadlı tirəsinin adı ilə bağlıdır. 1823-cü ilə aid mənbəyə görə, Qarabağ xanı İbrahimxəlil xan kəndə məxsus torpaq sahəsini pulla satın almış və qardaşı Mehdiqulu xana bağışlamışdı. Azərbaycanın şimalının Rusiyaya birləşdirilməsindən sonra viranə qalmış kəndi rus generalı P.S.Kotlyarevski göstərdiyi xidmətin müqabilində Hacı Ağalar bəy adlı birisinə vermişdir.
Qubadlı adı Şirvanşah Şeyx İbrahim Dərbəndinin babasının adı KeyQubadın adı ilə bağlıdır.
Tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığına inzibati ərazi vahidi kimi tabe olmuşdur. Lakin sonradan zəmanəsinin görkəmli şəxsiyyəti olan Qarabağ xanı Pənahəli xanın uzaqgörən siyasəti və əzmkarlığı sayəsində Zəngəzurun ayrılmaz qismi kimi Qarabağ xanlığının idarəçiliyinə verilmişdir.
Hələ indiyə qədər Bərgüşad toponimi tamamilə dəqiq izah olunmayıb. XIX əsrin 50-ci illərinə aid ədəbiyyatda Naxçıvanda bərgüşad adlı türkdilli tayfanın adı çəkilir. Bu tayfa adını Bərgüşad zonasından alıb. Səfəvi dövründə bərgüşad qızılbaş tayfalarının tərkibinə daxil idi. Orta əsrlərdə Bərgüşad mahalı Araza tökülən Həkəri çayı ilə Bərgüşadçay arasındakı ərazini əhatə etmişdir. Qubadlı rayonu şimaldan Laçın, cənubdan Zəngilan,şərqdən Xocavənd və Cəbrayıl rayonları,qərbdən Ermənistanla həmsərhəddir. Bazarçay,Həkəri,Meydan dərəsi çayları və çoxlu bulaqlar rayonun əsas su mənbəyidir.
Qubadlı rayonunun səthi, əsasən, dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb Bərgüşad silsiləsinin şərq və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır.
Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordu hissələrinin genişmiqyaslı hücumu nəticəsində işğal edildi. Qubadlı şəhəri və rayonun 93 kəndi erməni qüvvələrinin nəzarətinə keçdi, rayonun 31 mindən çox əhalisi yurd-yuvasından didərgin düşdü.
Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsi arasında yerləşən Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb. İşğal ərəfəsində Qubadlı rayonunun əhalisi 29 903 nəfər olub. Hazırda rayonun əhalisi 40 min nəfərə yaxındır (01.10.2019-cu ilə olan məlumata görə 38 289 nəfər idi). Əhalinin mütləq əksəriyyəti Sumqayıt və Bakı şəhərlərində, Abşeron rayonu ərazisindədir. Rayon əhalisinin əksəriyyəti (64 faizə qədəri) Sumqayıt ərazisində məskunlaşdığından Qubadlı rayon İcra Hakimiyyəti, digər icra strukturları, fəaliyyəti bərpa olunan idarə, müəssisə və təşkilatlar Sumqayıt şəhərində yerləşir.
Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1 600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6 247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.
Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunub, özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, Ordu birliyi nəticəsində Qubadlı rayonu işğaldan azad olundu. Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nəticəsində 2020-ci il oktyabrın 25-də Qubadlının işğalına son qoyuldu. Azərbaycan Silahlı Qüvvələri uğurlu əməliyyatları davam etdirərək Vətən müharibəsinin 27-ci günü - oktyabrın 23-də Qubadlı ərazisinə daxil olub, rayonun yaşayış məntəqələrini erməni işğalçılarından təmizləməyə başlayıb.
Həmin gün Qubadlı rayonunun bir neçə yaşayış məntəqəsi - Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri işğaldan azad edildi.
Oktyabrın 25-də - Vətən müharibəsinin 29-cu günündə isə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan qurtardı.
Qubadlı şəhərinin işğaldan azad olunduğunu Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı oktyabrın 25-də özünün “tvitter” hesabından elan etdi.
Oktyabrın 26-da isə dövlət başçısı xalqa müraciətində bir aya yaxın davam edən Vətən müharibəsində düşmənin məhv edilmiş və qənimət götürülmüş silah və texnikasını açıqladı, eyni zamanda Azərbaycan Ordusunun oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan, Zəngilan rayonunun Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd, Cəbrayıl rayonunun Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu və Çələbilər kəndlərinin işğalına son qoyulduğunu bəyan etdi.
Ermənistan ordusu Qubadlıda xeyli canlı qüvvə və texnika itirdi. Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açıldı, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başladı.
Azərbaycan Respublikasında “Qubadlının azad olunmasına görə” medalı təsis olunub.
Prezident İlham Əliyevin sərəncamı ilə Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilib.
Beləliklə də, indi böyük qürur və fəxarət hissləri ilə deyirik:

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər