
Bəs Azərbaycanda dəniz marşrutuna keçmək nə dərəcədə real və effektiv görünür?
Qeyd edək ki, Lənkərana əvvəllər əsas nəqliyyat gəmi ilə olub. Sonralar dəmir yolu və avtomagistral yolun tikilməsi ilə bərabər gəmi nəqliyyat vasitəsi kimi sıradan çıxdı. Çünki insanlar gəminin 7-9 saata getdikləri yolu, avomobil və avtobusla 2-3 saata getməyə başladılar.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev Bizim.Media-ya bildirib ki, Azərbaycanda dəniz nəqliyyatından istifadə effektiv nəticə verməyəcək.
“Havaya bağlı olan dəniz nəqliyyatı ilə sərnişin daşınma dayanıqlı deyil. Hava küləkli olacaqsa, reys təxirə salınacaq, gəmi yarıdolu olacaq. Bu vəziyyət iqtisadi səmərəliliyi şübhə altına alır. Əgər yarıboş olacaqsa, və ya hansısa günlər işləməyəcəksə, bu növ daşınmanın bileti də baha olacaq”.
“Dəmir yoluna üstünlük verilməlidir”
Nəqliyyat ekspertinin sözlərinə görə, Bakıdakı tıxacı və sıxlığı aradan qaldırmaq üçün şərait var:
“Bakıda əsas tıxac şimal tərəfdə, yəni Sumqayıt, Xırdalan istiqamətindədir. Buna da ciddi alternativ quruda olan dəmir yoludur. Dəmir yolu daşınmalarının sayını artırmaq üçün reyslərin sayı, qatarların sayı, stansiyaların sayı artırılmalıdır. Həm şəhərin daxilində, həm də Sumqayıtın içinə doğru ikinci stansiyanın tikilməsi və həmin stansiyaların da əlçatanlığı təmin olunmalıdır ki, insanlar şəhərin müxtəlif yerlərindən ora gələ bilsinlər”.