Həmin müəllim işdən çıxarıldı

Həmin müəllim işdən çıxarıldı İmişli rayonu Aranlı kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva işdən azad edilib.

“Qafqazinfo” xəbər verir ki, adıçəkilən müəllim ötən il sözügedən məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşmaqla gündəmə gəlmişdi. L.Nəcəfquliyeva işdən çıxarılması ilə bağlı paylaşımında iddia edib ki, məhz həmin hadisə səbəbindən builki fəaliyyətinə icazə verilməyib.

Məlumat üçün bildirək ki, Leyla Nəcəfquliyevayanın ötən gün daha bir videosu yayılmışdı. Yayılan videoda müəllimin açıq hava şəraitində uşaqlara dərs tədris etdiyi görünür. Rayonun icra nümayəndəsi isə müəllimə burada dərs keçməsini irad tutur. Bununla da şagirdlərin də olduğu məkanda müəllim və icra nümayəndəsi arasında qalmaqal yaşanır.

Hər iki iddia ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Təhsil İdarəsindən müraciətimizə belə cavab verildi: “Sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin 16 sentyabr 2024-cü il tarixdə məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 08:00 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Həmin müəllim işdən çıxarıldı


Müəllim qeyd olunanlarla kifayətlənməyib, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşaraq, şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozib.

Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq 17 sentyabr 2024-cü il tarixdə xitam verilib”.

Video ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyətinin də mövqeyini öyrəndik. Açıqlamada bildirildi ki, müəllimin dərsi çöldə tədris etdirməsini əks etdirən görüntülər sentyabrın 16-da çəkilib: “O məktəb əvvəllər qəzalı vəziyyətdə idi. Dövlət proqramında nəzərdə tutulmuşdu və yeni məktəb tikildi. Müəllim ondan əvvəl həmin videonu paylaşmışdı. Elə başa düşdü ki, onun videosuna görə məktəb yenidən inşa edildi. Amma bu və digər bir neçə məktəb elə dövlət proqramında var idi. Məktəb sentyabr ayının 17-də istifadəyə verilib. Həmin video isə ayın 16-sı çəkilib. Müəllimin çöldə dərs tədris edərək çəkdiyi və paylaşdığı video da elə məktəbin 17-si istifadəyə verilməsinə etiraz olaraq hazırlanıb. Şagirdlərdən də istifadə edərək belə bir video çəkib. Ötən gün baş tutan Pedaqoji Şuranın iclasından sonra Leyla Nəcəfquliyevaya vəzifəsindən azad edilib”.

Xatırladaq ki, ötən ilin yanvarında müəllim dərsi boykot edərək ayaqyolu tikilənə qədər şagirdlərdən də məktəbə gəlməmələrini istəyib. Sözügedən görüntülər sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Qeyd edək ki, həmin vaxt Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilmişdi ki, Leyla Nəcəfquliyevaya 7-8 dekabr 2022-ci il tarixlərində məktəb rəhbərliyinə heç bir məlumat vermədən üzrsüz səbəbdən iş yerinə gəlmədiyinə, əmək müqaviləsi üzrə müəyyən edilmiş vəzifə funksiyalarını və müəssisədaxili intizam qaydalarını pozduğuna görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə uyğun olaraq töhmət verilib.

Həmin müəllim işdən çıxarıldı


Oxşar xəbərlər