Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır

Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır
Müstəqillik yolu ilə inamla addımlayan Azərbaycan Respublikasının siyasi iradəsinin göstəricisi olan xarici siyasəti onun beynəlxalq münasibətlər sistemində mövqelərinin müəyyən edilməsini, iqtisadi, siyasi və humanitar sahələrdə faydalı əməkdaşlığın qurulmasını və inkişafını, milli təhlükəsizlik sahəsində mənafelərinin ödənilməsini, regional və beynəlxalq problemlərin birgə səylərlə aradan qaldırılmasını nəzərdə tutur.
Azərbaycanın uğurlu xarici siyasət kursu xarici ölkələrlə siyasi, iqtisadi və mədəni əməkdaşlıq sahəsində onu etibarlı tərəfdaş kimi tanıtmışdır. Cənubi Qafqaz regionu üzərindən transsərhəd nəqliyyat və kommunikasiya dəhlizlərinin çəkilişi təşəbbüsləri, bir tərəfdən, Azərbaycanın tranzit imkanlarını, iqtisadi potensialını genişləndirmiş, digər tərəfdən, həmin layihələrə bir sıra strateji əhəmiyyətli dövlətləri cəlb etməklə ətrafına tərəfdaşlar toplamışdır.
Azərbaycanın yürütdüyü çoxvektorlu və balanslaşdırılmış xarici siyasət strategiyası bütün dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq qurulmasını nəzərdə tutur.
Dövlətimizin başçısı İlham Əliyevin Misirə rəsmi səfəri çərçivəsində vurğuladığı kimi, Azərbaycan-Misir münasibətləri çox yaxşı səviyyədədir və ölkələrimiz arasında tarixi əlaqələr mövcuddur.
Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi.
Bəli, artıq mətbuatdan məlumdur ki, iyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.
Əvvəlcə Misir Prezidenti bəyanatla çıxış etdi. Daha sonra isə Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.
Bu səfərin Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcəyini qeyd edən prezident, hər iki ölkə arsında siyasi dialoqun müntəzəm xarakter daşıdığını bildirdi.
Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk – deyə prezident İlham Əliyev nitqini davam etdi.
Fələstin-İsrail münaqişəsinə münasibət bildirən prezident qeyd etdi ki, müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir.
Misir və Azərbaycan arasında ikitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılmasını müsbət hal kimi qiymətləndirən prezident qeyd etdi ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Daha sonra Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı fikir bidirən prezident İlham Əliyev nümayəndə heyətlərinin üzvlərinin bu haqda məlumat verdiklərini, həmçinin komissiyanın növbəti iclasının bu il keçiriləcəyini, prezidentlər tərəfindən verilmiş bütün göstərişlərin ciddi müzakirə ediləcəyini və beləliklə, əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağını qeyd etdi.

Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
laborantı Cahan Mahmudova

Oxşar xəbərlər