Azərbaycan Prezidenti Qahirədə mətbuata verdiyi bəyanatda deyib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək

Azərbaycan Prezidenti Qahirədə mətbuata verdiyi bəyanatda deyib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək
Azərbaycan dünyanın müxtəlif ölkələri ilə ikitərəfli əlaqələrini inkişaf etdirməkdədir. Bu ölkələrdən biri də Misir Ərəb Respublikasıdır. Azərbaycan Prezidenti İlham Əliyevin iyunun 8-də Misirə rəsmi səfəri zamanı verdiyi açıqlamalar ölkələrimiz arasında münasibətlərin nə qədər əhəmiyyətli olduğunu bir daha nümayiş etdirdi.
Azərbaycan Prezidenti Qahirədə mətbuata verdiyi bəyanatda deyib ki, bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq olunur, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir.
Dövlət başçısı deyib ki, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik edib. Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi. “Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” – prezident İlham Əliyev bölgənin ən qanlı qarşıdurması barədə danışarkən belə deyib.
Prezident İlham Əliyev ölkəmizin də hərbi təcavüzlə üzləşdiyini, lakin hazırda suverenliyimizi tam şəkildə bərpa etdiyimizi xatırladıb: “Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır. İki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir”.
Ölkə rəhbəri qeyd edib ki, Azərbaycanla Misir arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb. İmzalanmış sənədlər, əldə edilmiş razılaşmalar ticarət dövriyyəni artıracaqdır. İlk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.
Səfər zamanı Azərbaycanla Misir arasında bir sıra mühüm sənədlər imzalanıb.
Qeyd edək ki, hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib.
Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb.
Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misir Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləyib və üzv olduğu beynəlxalq təşkilatlarda ədalətli mövqeyini daim müdafiə edib.

Kürdəxanı qəsəbəsi, 113 nömrəli tam orta məktəbin
direktoru Gültəkin Rüstəmova

Oxşar xəbərlər