Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır

Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır
Dövlətlər arasında siyasi, iqtisadi, mədəni əlaqələr ölkələrin inkişaf səviyyəsinə təsir edir. Əlaqələrin güclənməsi dövlətlərarası birliklərin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası dünyanın müxtəlif birliklərində təmsil olunur. Onlardan biri Türk dünyası birliyidir. Bu, tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyon nəfərə çatan türk xalqlarının birliyi üçün təməl rolunu oynayır.
Türk xalqları hələ eramızdan əvvəl Avrasiya materikinin mərkəzi hissəsində çox geniş bir ərazidə yayılmışdır. Yeni torpaqlar mənimsəmək, su mənbələrinə sahib olmaq məqsədi ilə ətraflara köç edən türk xalqları orada məskunlaşaraq yeni dövlətlər yaratmışdır. Karvan yolları üzərində yerləşməsi qədim türk dövlətlərinin inkişafına və onlar arasında əlaqələrin artmasına təkan vermişdir. Çoxəsrlik iqtisadi, mədəni əlaqələr türk birliyinin yaranmasına zəmin yaratmışdır. Bu birliyin tarixi kökləri “Böyük İpək yolu” ilə də əlaqədardır.
Hazırda Türk dünyası birliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Respublikası kimi müstəqil dövlətlər daxildir. Bir çox türk xalqları digər ölkələrin (Rusiya, İran, Ukrayna və s.) ərazisində məskunlaşmışlar. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcə genişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalq nüfuzunun artmasına təkan verir. Türk birliyində təmsil olunan dövlətlər beynəlxalq təşkilatlarda eyni mövqedən çıxış edir, ölkələrin problemlərinin həllində bir-birinə dayaq olurlar.
2009-cu ildə qədim türk diyarı Naxçıvanda təməli qoyulan Türk Şurasının (indi Türk Dövlətləri Təşkilatının) qarşısına qoyduğu məqsəd və hədəflərə çatması üçün ötən müddət ərzində Azərbaycan müxtəlif istiqamətlərdə yürütdüyü siyasətlə türk birliyini daha da gücləndirib, bu təşkilatın dünyada nüfuzlu təşkilata çevrilməsi üçün əzmlə çalışıb.
Hələ 2019-cu ildə Bakıda keçirilmiş Türk Dövlətləri Təşkilatının VII Zirvə Görüşündə İlham Əliyev söyləmişdi ki, sədrliyi qəbul edən Azərbaycan türk dövlətləri arasında əməkdaşlığın və dostluğun möhkəmləndirilməsi istiqamətində öz səylərini göstərəcək.
Təşkilata sədrliyi dövründə Azərbaycan türk dövlətləri arasında əlaqələrin daha da genişlənməsi üçün yeni təşəbbüslərlə çıxış edib, ölkəmizin sədrliyinin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, türkdilli dövlətlər arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, habelə təşkilatın dünyada nüfuzunun daha da artırılması istiqamətində səylər göstərib. Təşkilat çərçivəsində mövcud əməkdaşlıq istiqamətlərinə əlavə olaraq, səhiyyə, miqrasiya, kənd təsərrüfatı, energetika, media, prokurorluq, ədliyyə və humanitar sahələrdə yeni əməkdaşlıq mexanizmləri qurulub.
Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 gün sürən Vətən müharibəsi zamanı əldə etdiyi parlaq zəfər sayəsində tarixən var olan türk birliyinin etnosiyasi coğrafiyasını bərpa edərək türk dünyasına ən böyük töhfəsini bəxş etdi. Prezident İlham Əliyevin qətiyyəti, əzmi, gücü ilə qazanılan bu şanlı qələbə yeni türk tarixinin ən parlaq zəfəri türk birliyinin daha da güclənməsi üçün yeni yollar açan möhtəşəm tarix kimi salnamələrə qızıl hərflərlə həkk olundu.
Vətən müharibəsi sayəsində Azərbaycan işğal altında olan ərazilərini azad etməklə yanaşı, türk dünyasının birliyinə və bərabərliyinə də müstəsna xidmət göstərdi.
2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda da təsnifini tapdığı kimi, nəqliyyat və logistika sahəsində bütün bölgə üçün yeni imkanlar yaradacaq və Naxçıvanı doğma Azərbaycanla birbaşa əlaqələndirəcək Zəngəzur dəhlizinin açılması ilə həm də türk dünyası bir-birinə bağlanacaq.
44 günlük Vətən müharibəsi günlərində, eləcə də ondan sonrakı dövrdə türk dövlətləri xalqlarının Azərbaycan xalqına yüksək dəstəklərini gördük. Bu gün də qardaş xalqların nümayəndələri Azərbaycanın əldə etdiyi şanlı qələbəni öz zəfərləri kimi dəyərləndirir, milli qürur hissi yaşayırlar.
Hazırda türkün türkə dəstək siyasətinin ən möhtəşəm nümunələrindən biri kimi, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı quruculuq işlərinə Türkiyə şirkətlərinin podratçı kimi bir çox infrastruktur layihələrində fəal iştirakını göstərə bilərik. İşğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən məktəbin, həmçinin Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşa olunacaqları da Azərbaycan-özbək və Azərbaycan-qazax xalqları arasında olan qardaşlığın göstəricisidir. Eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın azad edilmiş torpaqlarımıza üç dəfə səfər etməsi, Şuşada, Füzulidə, Zəngilanda və Cəbrayılda olması Azərbaycan xalqına dəstəyin yüksək təzahürüdür.
Bu gün dünyada böyük siyasi güc oyunları, geosiyasi üstünlük uğrunda mübarizə gedir. Dünyanın politik qarmaqarışıqlıq yaşadığı bu çətin dönəmin fonunda isə türk birliyinin vacibliyi daha qabarıq şəkildə önə çıxır. Biz bunun əyani nümayişini, əhəmiyyətini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Şahid olduq ki, baş verən qlobal siyasi böhranlara, milli maraqlarımıza qarşı olan bütün güclərə türkün güclü birliyi ilə cavab vermək dövlətlərimizə əlavə qüvvət verir. Bizi hər zaman qalib edir. Əminik ki, qarşıdakı zamanda da Türk Dövlətləri Təşkilatı üzv dövlətlərin hər birinin bu istiqamətdə yürütdüyü siyasət sayəsində möhkəmlənəcək, güclənəcək və "böyük türk dünyası ailəsi"nin həmrəyliyini daha yüksək zirvələrə daşıyacaq.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
coğrafiya müəllimi Ceyhun Sadizadə

Oxşar xəbərlər