Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir

Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir
Azərbaycan Respublikasında dövlət səfərində olan Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko mayın 17-də Füzuli rayonuna gəlib.
Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qarşıladı.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Samir Rzayev Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları barədə məlumat verdi.
Bildirildi ki, “Qarabağın hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanı 2021-ci il oktyabrın 26-da istifadəyə verilib. Ən müasir səviyyədə inşa olunan bu aeroport istənilən tip hava gəmisini qəbul etmək imkanına malikdir. Uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinə xidmət etməyə imkan verir. Zəngilan Beynəlxalq Hava Limanının açılışı 2022-ci il oktyabrın 20-də olub. Bu hava limanı bütün növ təyyarələri, o cümlədən genişgövdəli ağır yük təyyarələrini qəbul edir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanının inşasının bu il tamamlanması planlaşdırılır. Hava limanının uçuş-enmə zolağının uzunluğu 3000 metr, eni isə 60 metr olacaq. Bu hava limanları bölgəyə səfərə gələnlərin rahatlığını təmin edəcək, işğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verməklə, ümumilikdə Qarabağın və Şərqi Zəngəzurun sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
Azərbaycan-Belarus əlaqələrinin dinamikasına nəzər saldıqda aydın olur ki, müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və uğurla inkişaf edir. Rəsmi Minsk və Bakı arasında əlaqələr geniş spektrlidir. Təhlükəsizlik, iqtisadi, siyasi və beynəlxalq arenada qarşılıqlı xüsusi dəstək vurğulanmalıdır. Belarus hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və bunu dəfələrlə rəsmi tribunalardan bəyan edib.
Ümumiyyətlə, Belarus Respublikası Azərbaycanın səmimi dostluq və əməkdaşlıq əlaqələri saxladığı ölkələrdən biridir. İstər SSRİ tərkibində, istərsə də müstəqillik dönəmində iki ölkə arasında olduqca yaxşı əlaqələr qurulmuş və inkişaf etdirilmişdir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Belarus arasında müzakirə olunan məsələlərin hamısı kifayət qədər konkret xarakter daşıyır. Ölkələrimiz arasında maşınqayırma da daxil olmaqla, sənaye kooperasiyası, birgə istehsal, həmçinin hərbi-sənaye kompleksi, kənd təsərrüfatı, nəqliyyat sahələri üzrə əlaqələrin inkişaf perspektivlərinin müzakirə olunması münasibətlərin sonrakı mərhələsi üçün mühüm əhəmiyyət daşıyır.

Bu baxımdan, Belarus Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə dövlət səfəri də iki ölkə arasında müxtəlif sahələri əhatə edən münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində keçirilən görüşlər zamanı səsləndirilən fikirlər, aparılan müzakirələr tərəflər arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlərin uğurla inkişaf etdiyini təsdiqləyir.
Azərbaycan və Belarus prezidentlərinin görüşündə bir sıra məsələlərlə yanaşı, postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də geniş müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma, müasir texnologiyaların, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Cənab Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib.
Bu xüsusda Belarus Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə, Füzuliyə və Şuşaya səfərini xüsusi olaraq qeyd etməliyik. Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Şübhəsiz ki, səfər çərçivəsində tərəflər arasında bir sıra sazişlərin imzalanması qarşılıqlı münasibətləri daha da gücləndirəcək.




Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin
İbtidai sinif müəlimi Çimnaz Muradova

Oxşar xəbərlər