
Oxu.Az xəbər verir ki, tədbirdə Qarabağ bölgəsində təhsilin inkişafına göstərilən dövlət qayğısı yüksək qiymətləndirilib, müəllim və şagirdlərə yeni dərs ilində uğurlar arzulanıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, bu il Xankəndi şəhər 4 nömrəli orta məktəbin birinci sinfinə 98 şagird qəbul olunub. Ümumilikdə, məktəbdə 1 035 şagird təhsil alır və onların təlim-tərbiyəsi ilə 35 nəfərlik pedaqoji kollektiv məşğul olur.
Xocalı şəhər 1 nömrəli orta məktəbdə bu il birinci sinfə 14 şagird qədəm qoyub. Ümumilikdə, məktəbdə 116 şagird təhsil alır.
Xocalının Ballıca kənd orta məktəbində isə bu il yeddi şagird birinci sinfə qəbul olunub. Məktəbdə, ümumilikdə, 168 şagird təhsil alır.
Ağdərə rayonunun kənd məktəblərində də yeni dərs ili sevinclə qarşılanıb. Həsənriz kənd orta məktəbində üç, Vəngli kənd məktəbində iki, Suqovuşan kənd orta məktəbində səkkiz, Talış kənd orta məktəbində isə dörd şagird birinci sinfə qəbul olunub. Hazırda Həsənriz kənd orta məktəbində 54, Vəngli kənd məktəbində 41, Suqovuşan kənd orta məktəbində 90, Talış kənd orta məktəbində isə 36 şagird təhsil alır.