SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək

SPECA həftəsi ərzində Bakıda təşkil olunan iqtisadi forum ölkələrimiz arasındakı biznes əlaqələrinin inkişafına töhfə verəcək
Bu gün yeniləşən dünyamızda baş verən proseslərə nəzər yetirdikdə görürük ki, dünya dövlətlərinə daha çox iqtisadi-siyasi sabitlik və sülh lazımdır. Beynəlxalq platformalar vasitəsilə bu qəbildən olan mövzuların müzakirələrini təşkil edən dövlətlər, hökumətlər gözəl başa düşürlər ki, doğrudan da, bu gün davamlı inkişafa nail olmağın həllini, eləcə də formalaşmaqda olan yeni siyasi arxitekturanı daha yaxşı, səmərəli təşkil etmək üçün əsas mexanizm kimi sağlam dialoqu və əməkdaşlığın gücləndirilməsini dəyərləndirmək olar.
Artıq dünya Azərbaycanı, həm də onun təkcə paytaxtını deyil, bir sıra digər şəhərlərini də möhtəşəm beynəlxalq tədbirlərin yüksək səviyyədə keçirildiyi məkan kimi tanıyır. Azərbaycan bütün beynəlxalq platformalarda tərəfdaşlığa olan sadiqliyini və qarşılıqlı hörmətə, etimada əsaslanan əməkdaşlığı davam etdirərək, dünya ictimaiyyətinə davamlı inkişafa nail olmağın yolunu uğurla nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən çoxvektorlu iqtisadi siyasət, tətbiq edilən mükəmməl idarəçilik modeli nəinki Cənubi Qafqaz, artıq Mərkəzi Asiya regionunun da inkişafında əhəmiyyətli təsirə malikdir.Ümumiyyətlə, ölkəmiz son illərdə Mərkəzi Asiya dövlətləri ilə çoxtərəfli formatlarda qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq ortaya qoyur, regionun dövlət başçılarının yüksəksəviyyəli görüşlərində Azərbaycan Prezidenti fəxri qonaq qismində iştirak edir. Bu dəfə də Bakı həmin qəbildən daha bir tədbirə, əslində, bütün regionun dayanıqlı inkişaf platforması, Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsinə evsahibliyi etdi. Bu il SPECA-nın yaradılmasının 25-ci ildönümüdür. İlk dəfə olaraq Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə noyabrın 24-də isə Heydər Əliyev Mərkəzində SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşü keçirildi.
SPECA proqramına üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. 1998-ci ildə yaradılan proqrama Azərbaycan 2002-ci ildə qoşulub və birliyin fəal üzvlərindəndir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir.
SPECA yarananda üzv ölkələr dövlət müstəqilliyinin ilk addımlarını atırdılar. Odur ki, hər birinin qarşısında çoxsaylı problemlər, çağırışlar dayanırdı. İndi həmin çağırışların əsas hissəsi artıq arxada qalıb. Bu ölkələr dövlət suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvlərinə çevrilmiş və iqtisadi cəhətdən sürətlə inkişaf etmişlər. Cənab Prezidentin BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşündəki çıxışında da qeyd etdiyi kimi dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət almasına baxmayaraq, bu gün SPECA-ya üzv ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür.
Bu gün Azərbaycan və SPECA-ya üzv olan digər dövlətlər istər bir-birləri, istərsə də digər dövlətlərlə qurduqları əlaqələrdə hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər çərçivəsində bərabərtərəfli əməkdaşlıq əlaqələri qururlar.
Aparılan uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanda əlverişli investisiya mühiti yaradılıb. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür.
Müstəqilliyimizin ilk illərində torpaqlarımızın iyirmi faizini işğal etmiş Ermənistan həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlını öz doğma yurd-yuvasından didərgin salmışdı. 30 ildən çoxdur aparılan danışıqlar bu illər ərzində Ermənistan tərəfinin “Danışıqlar xətrinə danışıqlar” aparması ucbatından nəticəsiz qalmışdı.
2019-cu ildən etibarən isə Ermənistan rəhbərliyinin bir-birinin ardınca verdiyi təxribatçı bəyanatlar və atdığı addımlar danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozmuş, Ermənistanın bir daha əsl məqsədinin mövcud vəziyyəti qoruyaraq Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirmişdi.
2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayan rəşadətli Azərbaycan Ordusu 44 günlük uğurlu hərbi əməliyyatlar nəticəsində Azərbaycan torpaqlarının geri qaytarılmasını təmin edərək böyük qələbə qazandı.
Son olaraq, sentyabrın 19-da başladılan və cəmi 24 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz əraziləri üzərində suverenliyini tam bərpa etmiş oldu.
Bu gün həmin ərazilərdə bərpa-quruculuq işlərinin aparıldığını qeyd edən Cənab Prezident orada yeni şəhər və kəndlərin inşa edildiyini, ilkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsinin nəzərdə tutulduğunu bildirdi.
Yaşadığı torpaqlardan didərgin düşmüş həmyerlilərimizin öz torpaqlarına qaytarılması Cənab Prezidentin Qarabağ siyasətinin prioritet istiqamətidir. Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq olunmuş, işğaldan azad edilmiş ərazilərdə təhlükəsiz yaşayışın və dövlət idarəetməsinin təşkil edilməsini; şəhər, qəsəbə və kənd yaşayış məntəqələrinin tikintisinin və dayanıqlı infrastrukturla təminatının həyata keçirilməsini; müasir standartlara uyğun xidmətlərin yaradılmasının təmin edilməsini; o ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsinin gücləndirilməsini, məşğulluq imkanlarının artırılmasını; sosial xidmətlərin əhatə dairəsini genişləndirilməsinin və əlçatanlığının təmin edilməsini; dayanıqlı sosial-iqtisadi inkişafın təmin edilməsini və s. nəzərdə tutan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” bu gün artıq uğurla həyata keçirilir.
Xüsusilə vurğulamaq lazımdır ki, son illərdə Azərbaycan regionda davamlı olaraq beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrilmişdir ki, son olaraq yüksək səviyyədə keçirilən Zirvə görüşü də bu qəbildən olan növbəti tədbirlərdəndir. Bu, Cənab Prezident İlham Əliyevin Azərbaycanın regional və beynəlxalq səviyyədə imicinin qaldırılmasına xidmət edən planlı siyasətinin daha bir parlaq göstəricisi olmaqla Azərbaycanın beynəlxalq arenada nüfuzunun, ona olan yüksək etimadın nəticəsidir.

Bakıxanov qəsəbəsi 74 nömrəli tam orta məktəbin
İbtidai sinif müəllimi Xəyalə Ağayeva

Oxşar xəbərlər