İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu

Ermənistanın qanunsuz, beynəlxalq konvensiyalara zidd əməllərindən, xalqımıza qarşı törətdikləri qətliam, soyqırımı və faciələrdən yazarkən böyük bir xalqın kiçik bir "dövlət"in terrorizminə, vandallığına məruz qaldığını görürük. Yaşadığımız acı nəticələr xalqımızın tarixinin müxtəlif dönəmlərində 200 ilə qədər olan tarixində silinməz izlər saldığı hər kəsə yaxşı bəllidir. Xocalı soyqırımı, 31 Mart Azərbaycanlıların Soyqırımı, Başlıbel faciəsi və digər yaşadığımız qətliamlar ermənilərin insanlarımıza nə qədər acılar və ağrılar yaşatdığını ortaya qoyur. Hadisələrin gedişi göstərir ki, təkrarlanan bu hadisələr ermənilərin "Böyük Ermənistan" yaratmaq istəklərini reallaşdırmaq, özgə torpağı üzərində "ərazisini" genişləndirmək niyyəti daşıyır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini göstərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndləri talan edilərək dağıdıldığını sübut edir. Tarixin müxtəlif dönəmlərində torpaq itkilərinə, fəlakət və böyük dağıntılara məruz qalan Azərbaycana sarsıdıcı zərbələr vurmaqda davam ediblər. Amma nədənsə dünya dövlətləri bunları görməzdən gələrək Azərbaycanın humanitar məsələlərdə normalara əməl etməməsini gündəmə gətirir.
Prezident İlham Əliyevin də cari ilin 11 oktyabr tarixində MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçıları ilə görüşü zamanı toxunduğu mühüm məsələlərdən biri də Azərbaycanın müharibə və müharibədən sonrakı dövrdə humanitar normalara əməl etməsi olub. O bildirib ki, bu yaxınlarda azad edilmiş ərazilərdə səfərdə olan BMT missiyası dünən və bundan təxminən bir həftə əvvəl artıq iki dəfə məhz bunu vurğulayıb ki, bütün humanitar normalara əməl olunub. Bununla belə, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə bizi ittiham edirlər. Sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir. Otuzillik işğalın tarixi, bütün şəhər və kəndlərimizin yerlə-yeksan edilməsi, Xocalı soyqırımı bütün bunların hamısı, təbii ki, inkar edilir, tamamilə yalanla dolu hekayələr uydurulur. Lakin yeri gəlmişkən, onu da deməliyəm ki, elə dünən mənə bir videosüjet təqdim etdilər. Həmin videoda ABŞ prezidentliyinə namizəd Azərbaycana qarşı ittihamlarla çıxış edir və bu zaman ermənilər tərəfindən Gəncə şəhərinin raket atəşinə tutulması ilə bağlı kadrları nümayiş etdirir. Belə saxtakarlığa yol verəcək qədər simasızlaşmaq qeyri-mümkündür.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan münaqişə zonasından yüz kilometrlərlə uzaqda yerləşən şəhərlərimizi uzaqmənzilli artilleriyadan, o cümlədən ballistik raketlərdən atəşə tutdu. Bunun nəticəsində bizim uşaqlar da daxil olmaqla, yüzdən artıq mülki vətəndaşımız həyatını itirdi. Məhz sözügedən həmin namizəd, Azərbaycanı ittiham edərək, ermənilərin Gəncəyə və Bərdəyə hücumlarının kadrlarını nümayiş etdirir. Onlar heç nə eşitmək istəmirlər. Onlar mərkəzdən verilən təlimata uyğun hərəkət edirlər. Ona görə də biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir.

Bakıxanov qəsəbəsi, 96 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Çiçək Daşdəmirova

Oxşar xəbərlər