
Zəngin siyasi və dövlətçilik təcrübəsi sayəsində Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etmiş Ulu öndər Heydər Əliyevin başçılığı ilə hazırlanmış yeni Konstitusiyamız və demokratik əsaslarla seçilmiş ilk parlamentimiz Azərbaycanın müasir tarixində tamamilə yeni səciyyəli bir mərhələnin başlanğıcı olmuşdur. Bu illər ərzində Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyətinin təmin edilməsi məqsədilə xeyli tədbirlər həyata keçirilmişdir.
Hüquq islahatları sahəsində çox önəmli sənədlərdən biri Ulu öndər Heydər Əliyevin 1996-cı il iyun ayının 8-də imzaladığı “Avropa Şurası və Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramının həyata keçirilməsi haqqında” sərəncamdır. Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması da ulu öndərimizin tarixi xidmətlərindəndir.
1995-ci ildə müstəqil Azərbaycanın ilk milli Konstitusiyası qəbul olundu. Həmin il Azərbaycanın ilk Milli Məclisi seçildi, ictimai-siyasi vəziyyət ardıcıl surətdə sabitləşdirildi. Bunların hamısı bizə Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək, Azərbaycana xarici investisiyanın cəlb edilməsini təmin etmək, Azərbaycanın ordusunu yaratmaq, onu möhkəmləndirmək və insanların rifah halını yaxşılaşdırmaq üçün imkanlar yaratdı.
Ulu öndər Heydər Əliyev milli qanunvericiliyimizin təkmilləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasının daha etibarlı təmin edilməsi məqsədilə 22 iyun 2002-ci il tarixli fərmanla Konstitusiyada dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Referendum Aktı layihəsini ümumxalq müzakirəsinə çıxardı. Fərmanda bildirilirdi ki, bu addım respublikamızın “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətindən irəli gəlir.
Referendumun keçirilməsi insan hüquq və azadlıqlarının qorunmasını daha da gücləndirdi, vətəndaşlara, ombudsmana, Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verdi, ölkənin seçki sistemini daha da təkmilləşdirdi. Milli Məclisdə referendumun nəticələrindən irəli gələn müxtəlif qanun layihələri hazırlandı.
Ulu öndər Heydər Əliyevin apardığı uğurlu xarici siyasət Azərbaycanın bir çox ölkələrlə, mötəbər beynəlxalq təşkilatlarla əlaqəsini gündən-günə möhkəmləndirdi. Bu gün Azərbaycanın ATƏT, Avropa Şurası, NATO Parlament Assambleyası, İslam Konfransı Təşkilatı və başqa beynəlxalq təşkilatlarla sıx əlaqə saxlaması, bu qurumlarda bilavasitə iştirakı hüquq islahatları sahəsində təcrübə qazanmaqda respublikamıza çox böyük fayda verir.
Respublikamızın beynəlxalq miqyasda əldə etdiyi mühüm nailiyyətlərdən biri də Avropa Şurası Parlament Assambleyasının 2003-cü ilin yanvar sessiyasında Milli Məclisin təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin yekdilliklə bu mötəbər qurumun vitse-prezidenti və Büro üzvü seçilməsi olmuşdur. Ulu öndər Heydər Əliyev ocağının layiqli yetirməsi cənab prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında uğurlu və səmərəli fəaliyyət göstərmişdir. Məhz bu məqsədyönlü fəaliyyətin nəticəsidir ki, təşkilat ilk Avropa qurumu kimi Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini etiraf etmişdir.
Azərbaycanın dünya miqyasında tanınması, hər şeydən əvvəl, ümummilli lider Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır. 1994-cü ildə cəbhədə atəşkəsə nail olunması da Ulu öndər Heydər Əliyevin tarixi xidmətidir və Heydər Əliyev bununla ölkəyə sabitlik gətirdi, iqtisadi islahatları işə saldı, Azərbaycana nəhəng xarici sərmayələr cəlb etdi, “Əsrin müqaviləsi” ilə Qərbi öz tərəfinə çəkə bildi və Azərbaycan neftini Qərb bazarlarına nəql edəcək Bakı-Tbilisi-Ceyhan kəməri tikilməyə başlandı. Bakı-Tbilisi-Ceyhan layihəsinin müvəffəqiyyətlə həyata keçirilməsi Ulu öndər Heydər Əliyevin çox böyük uzaqgörənliyini nümayiş etdirir. Məhz Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyaya sübut etdi ki, o, müstəqil yaşamaq istəyir və öz ərazisinin sahibi olmağa, bütün sərvətləri barəsində müstəqil qərar qəbul etməyə qadirdir. Artıq Azərbaycan Ulu öndər Heydər Əliyevin, bu gün isə möhtərəm Prezidentimiz İlham Əliyevin yeritdiyi uğurlu xarici siyasət sayəsində beynəlxalq aləmdə özünəməxsus yer tutmuş və tutmaqdadır.
Bakıxanov qəsəbəsi, 80 nömrəli məktəbin
tarix müəllimi Afət Nəbiyeva