
22 iyul 2023-cü il tarixində Şuşada “Euronews” televiziya kanalına Prezident İlham Əliyevin verdiyi müsahibədə Ermənistan cəmiyyətinə ünvanlanmış önəmli mesajlar var idi. Ölkə başçımız Azərbaycanın Ermənistan ilə apardığı sülh danışıqlarının gedişatı barədə ətraflı məlumat verdi və qeyd etdi ki, yekun sülh beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq imzalanmalıdır. Azərbaycanla Ermənistan əlaqələrini normallaşdıranda və diplomatik əlaqələr qurulanda, Ermənistandan zorla deportasiya olunmuş azərbaycanlıların öz doğma ata-baba torpaqlarına qayıtmaq hüququ var. Ermənistan dövləti soydaşlarımızın bu hüququnu tanımalıdır. Həmçinin də erməni icması Azərbaycan tərəfinin və beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdır. Ermənistan həqiqətən sülh istəyirsə beynəlxalq hüquq normalarına hörmətlə yanaşmalıdır.
“Euronews” televiziya kanalına verilən müsahibədə dövlət başçısı İlham Əliyev tərəfindən səsləndirilən digər bir mühüm mesaj ondan ibarət oldu ki, ermənilər üçün seçim ən yaxşı və qat-qat yaxşı arasında deyil. Onlar üçün seçim çox pis və qəbulolunan arasındadır ki, qəbulolunan seçim sağlam düşüncəyə, beynəlxalq hüquqa və azərbaycanlıların 30 il ərzində məhrum edildikləri öz torpaqlarında yaşamaq hüququnun tanınmasına əsaslanır. Ermənistanın bu gerçəyi anlaması və qəbul etməsi Cənubi Qafqazda qalıcı sülhə doğru atılmış mühüm addım olar. Faktiki olaraq erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunun tikintisi başlayanda, yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında müsbət istiqamətdə təmaslar olmuşdu. Belə təmaslar isə sülh prosesinə müsbət töhfələr verir və qarşılıqlı etimad mühiti yaradır.
Qarabağda yaşayan etnik ermənilər bir həqiqəti də başa düşməlidirlər ki, təhlükəsizlik təminatları, o cümlədən təhsil, mədəniyyət, dini, bələdiyyə hüquqlarının təmin edilməsi ilə Azərbaycan cəmiyyətinin bir hissəsi olaraq onlar normal həyat yaşayacaqlar. Azərbaycanda müxtəlif etnik azlıqların nümayəndələri sərbəst şəkildə yaşayırlar və onlar Azərbaycan cəmiyyətinin bir parçasıdırlar. Azərbaycan bayrağı altında yaşamağa hazır olan, Azərbaycan qanunlarına hörmətlə yanaşan hər bir vətəndaşın təhlükəsizliyi, hüquq və azadlığı Azərbaycan dövləti tərəfindən lazımi səviyyədə təmin ediləcəkdir.