Qarabağda yaşayan ermənilər reallıqları dərk etməli və ona uyğun davranmalıdırlar

Qarabağda yaşayan ermənilər reallıqları dərk etməli və ona uyğun davranmalıdırlar Münaqişənin həllindən ötən 2 ilə yaxın dövrdə Azərbaycan hər gün daha da güclənir, ölkəmizin regional rolu daha da artır. Prezident İlham Əliyev İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibədə son dövrlər bölgədə baş verən proseslərə aydınlıq gətirdi və ölkəmizin təsir imkanlarının artdığını bildirdi. Qarabağ ermənilərinin hazırki vəziyyəti də yaranmış reallıqların nəticəsidir. Belə ki, dövlət başçısı da bildirdi ki, Ermənistan hakimiyyəti Qarabağda yaşayan ermənilərə öz təsir imkanlarını itirir. Əksinə, Azərbaycan hakimiyyəti öz təsir imkanlarını artırır.
Azərbaycan müstəqil siyasət yürüdür, heç bir qüvvə siyasi iradəmizə təsir etmək imkanına malik deyil. . “Qisas əməliyyatı”ndan sonra Prezident İlham Əliyevə dünya güclərinin rəsmiləri tərəfindən edilən zənglərə, onların ifadə etdikləri narahatlıqlara da diqqət yetirmək kifayətdir. Azərbaycan dövlətinin bu narahatlıqlara cavabı dəyişməzdir: Ermənistan üzərinə götürdüyü öhdəliklərinə əməl etməli, təxribatlara son qoymalıdır. Azərbaycanın sülh təklifi Ermənistan üçün son şansdır. Təbii ki, dövlət başçısı İlham Əliyevin bu kimi ciddi bəyanatları, xəbərdarlığı bir daha təsdiqləyir ki, Azərbaycan 30 ilə yaxın işğal dövrünün Azərbaycanı deyil. Bu gün diktə edən tərəf qalib Azərbaycandır. Hazırda dünya gücləri yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə məcburdur. Erməni silahlı birləşmələrinin Qarabağı birdəfəlik tərk etməsi Ermənistanın öhdəliyidir. Bu, 10 noyabr 2020-ci ildə Ermənistan tərəfindən imzalanmış kapitulyasiya aktında təsbit edilib. Rəsmi Bakı üzərinə götürdüyü bütün öhdəliklərinə sadiq olduğu kimi, Ermənistan da eyni mövqeni sərgiləməlidir. Qarabağ münaqişəsi tarixə qovuşub. Danışıqlar masasında hər hansı statusdan söhbət getmir. Söhbət Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyindən gedir ki, dövlətimiz təklif etdiyi sülh təklifində bu məqamı açıqlayır ki, onların hüquqları və təhlükəsizliyi Azərbaycan dövləti tərəfindən təmin ediləcək.
Azərbaycanda yaşayan xalqların hüquqları necə qorunursa, onların da elə. Ancaq budur yol. Bu mənada Qarabağda yaşayan ermənilər düzgün addım atmalı, başa düşməlidirlər ki, onların gələcəyi ancaq Azərbaycan cəmiyyətinə inteqrasiyadan keçir. Qarabağda yaşayan ermənilər artıq görürlər ki, Ermənistan hakimiyyəti onların problemlərini həll etmək iqtidarında deyil. Qarabağda yaşayan ermənilər bunu nə qədər tez dərk etsələr, o qədər də yaxşı olar. Prezident İlham Əliyevin statusla bağlı söylədikləri təkcə Ermənistan üçün deyil, status xülyasına düşmüş himayədarları üçün də bir mesaj idi.
Zülfüqar Cəfərov – YAP Sabunçu rayon təşkilatının sədr müavini

Oxşar xəbərlər