Ümummilli lider bütün həyatını Azərbaycanın rifahı, iqtisadi cəhətdən çiçəklənməsinə sərf edib

Ümummilli lider bütün həyatını Azərbaycanın rifahı, iqtisadi cəhətdən çiçəklənməsinə sərf edib
Bu gün Azərbaycan tək Cənubi Qafqazda deyil, bütövlükdə regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində mühüm rol oynayan bir dövlətə çevrilib. Azərbaycan tək siyasi mənada deyil, yüksək inkişaf etmiş iqtisadiyyatı ilə də dünya arenasında tanınır. Bu gün əldə olunan nailiyyətlərə və uğurlara görə məhz ümumilli lider Heydər Əliyevə borcludur. Tam əminliklə demək olar ki, müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb. Bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər fonunda Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir.
Ümummilli lider bütün həyatını Azərbaycanın rifahı, iqtisadi cəhətdən çiçəklənməsinə sərf edib. Bəllidir ki, Azərbaycanın inkişaf tarixində 70-80-ci illər dönüş illəri hesab olunur ki, bu da ulu öndər Heydər Əliyevin rəhbərliyi altında əsaslı quruculuq işlərinin, kənd təsərrüfatının və sənayenin inkişafının sürətləndirilməsi ilə müşahidə olunub. Məhz bu dövrdə əhalinin hər nəfərinə düşən milli gəlirin iki dəfə, sənaye istehsalının isə üç dəfə artması, respublikada 250-dən artıq mühüm müəssisənin, yeni sexlərin texnika və mütərəqqi texnologiya əsasında tikilib istifadəyə verilməsi regionların inkişafına öz müsbət təsirini göstərib. Bu dövrdə Azərbaycanda 40-dan artıq maşınqayırma və metal emalı müəssisəsi istismara verilib.
Ümummmilli lider sovet dönəmində Azərbaycana rəhbərliyi yeni-yeni müsəssisələrin inşası, istifadəyə verilməsi ilə yadda qalıb. 1991-ci ildə Azərbaycanın müstəqillik əldə etməsi onun qarşısında bazar münasibətlərinə keçid şəraitində yeni imkanlar yaradıb. Ümummilli lider hələ sovetlər dönəmində ölkəmizə rəhbərlik etdiyi illərdə həyata keçirdiyi uğurlu siyasətlə Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edib.
Hər il xalqımız may ayının 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olduğu günü böyük fərəh və minnətdarlıq hissilə qeyd edir. Və qeyd etdiyimiz kimi, bu heç də təsadüfi olmayıb. Onun Azərbaycan xalqının tarixi taleyində müstəsna rol oynaması, həyat və fəaliyyətinin çoxcəhətliliyi və burada bizim öyrənməli olduğumuz çox müsbət keyfiyyətlərin mövcudluğu ilə əlaqədardır. Onun siyasəti çoxcəhətli, dəyişkən və çevik olmaqla nəinki iqtisadiyyatın, həm də sosial, siyasi və mədəni həyatımızın bütün sahələrini əhatə etmiş və burada o bizim üçün çox faydalı bir irs qoyub getmişdir. Belə sahələrdən biri də onun məhsulun, işin keyfiyyətinin yüksəldilməsi uğrunda mübarizəsi, gördüyü tədbirlərdir. Məlumdur ki, məhsulun keyfiyyəti ilə dövlət büdcəsinin gəlirləri arasında sıx əlaqə var. Məhsulun keyfiyyətinin yüksəlməsi maya dəyərini aşağı salır, məhsulun satış və əhalinin tələbatını ödəmək imkanını genişləndirir, rəqabət qabiliyyətini artırır. Nəticə etibarı ilə mənfəəti və dövlət büdcəsinin gəlirlərini artırır. Buna görə də məhsulun keyfiyyətinin yüksəldilməsi məsələsi həmişə aktual olmuşdur və Azərbaycan şəraitində xüsusilə aktualdır.
Belə ki, indi Azərbaycan sürətlə dünyaya inteqrasiya olunur, Ümumdünya Ticarət təşkilatlarına üzv olmağa çalışır, qeyri-neft sektorunu sürətlə inkişaf etdirməyə, burada daha çox rəqabət qabiliyyətli məhsul istehsal və ixrac etməyə çalışır. Belə şəraitdə məhsulun keyfiyyətinin yüksəlməsinin və bu sahədə Heydər Əliyevin o zamankı təcrübəsinin öyrənilməsinin necə böyük əhəmiyyət kəsb etdiyi özlüyündə aydındır.


Zabrat qəsəbəsi, 71 saylı tam orta məktəbin
riyaziyyat müəllimi Esmira Nuriyeva


Oxşar xəbərlər