Azərbaycanın müstəqillik qazanması ərəfəsindəki azadlıq yürüyüşlərində xalqımızın birləşməsi və o taylı-bu taylı qardaşların həsrətlərinin sona çatması məqsədə çevrildi

Azərbaycanın müstəqillik qazanması ərəfəsindəki azadlıq yürüyüşlərində xalqımızın birləşməsi və o taylı-bu taylı qardaşların həsrətlərinin sona çatması məqsədə çevrildi
Bir xalqın ən böyük gücü onun birliyi, bütövlüyü, bütün təbəqələrinin fərqlilikləri bir kənara qoyaraq həmrəy olmasıdır. Zəngin yeraltı-yerüstü sərvətləri və əlverişli coğrafi mövqeyi ilə ölkəmiz həmişə düşmənlərin hədəfi olmuşdur. Düşmən dövlətlər çirkin məqsədlərinə çatmaq üçün hər zaman xalqımızı parçalamağa çalışmış, bu yolda əslində milli zənginliyimiz olan fərqlilikləri ön plana çıxarmışlar.
18-ci əsrdə düşmən fitnəsinə uyan və birləşmək əvəzinə bir-birini gücdən salan xanlıqlar dövrü ibrət götürməli olduğumuz bir dönəmdir. 19-cu əsrdə Gülüstan və Türkmənçay müqavilələriylə Rusiya və İran arasında torpaqlarımız və eləcə də xalqımız 2 yerə bölündü. Araz çayı boyunca çəkilən sədlər könüllərə çəkilən dağ, niskil və həsrət yarası oldu.
Azərbaycanın müstəqillik qazanması ərəfəsindəki azadlıq yürüyüşlərində xalqımızın birləşməsi və o taylı-bu taylı qardaşların həsrətlərinin sona çatması məqsədə çevrildi. 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ – İran sərhəddinin) dağıdılması xalqımızın həmrəy olmasının ilk adddımları idi.
Azərbaycan xalqının uzun müddət bir-birinə həsrət qalması ilə Arazın hər iki sahilində sərhəd yürüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya miqyasında bir daha anlatmaq və Azərbaycanı bütövləşdirmək yolunda edilən lazımi cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin rəmzidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da mərhum prezident Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edildi. Dünya azərbaycanlılarının hüquqlarının müdafiəsi və birliyini nümayiş etdirmək məqsədilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirildi.
2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II Qurultayı keçirilib və Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının sədri seçilib. Bu iki qurultay Azərbaycan dövlətinin soydaşlarına və həmvətənlərinə verdiyi qiymətin göstəricisidir. Dünya Azərbaycanlılarının II Qurultayında dövlət başçısı İlham Əliyev 50 milyonluq azərbaycanlının Prezidenti olduğunu bəyan etdi. Prezident bununla Azərbaycan Respublikasının dünya azərbaycanlılarının hamisi olduğunu da beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.
Azərbaycanlıların dünyanın harasında yaşamasından asılı olmayaraq vətəninə qürurla bağlı qalmasına səbəb xalqımızın birlik ruhunu daim yaşatması, dövlətimizin sevgi, birlik bərabərlik şüarlarını ucaltması və hamilik xarakterilə bütün soydaşlarımızı qucaqlamasıdır.
Dünyanın hər tərəfinə öz milli dəyərlərimizlə gedən, Azərbaycanın mədəni, milli-mənəvi zənginliyinin fərdi simvolu kimi işıq saçan həmvətənlərimiz enerjisini dövlətimizin, xalqımızın birlik ruhundan alır.

Balaxanı qəsəbəsi, 4 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Tünzalə Məmmədova


Oxşar xəbərlər