Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir

Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir
Həyatda heç bir şey təsadüf deyil,eynilə 31 Dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü seçilməsi kimi. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın sonlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) açılması zamanı qoyulub. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi artıq bütün dünya azərbaycanlıları üçün zərurətə və mənəvi ehtiyaca çevrilib. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində bu gün mühüm rol oynayır.Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü— Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu bayram dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib. İndi həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərib. Bu, ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Həmin qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı isə dillər əzbərinə çevrilib.Qurultaydan sonra ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırkı Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması, həmin il dekabrın 27-də isə soydaşlarımızla bağlı dövlət siyasəti haqqında Qanunun qəbul edilməsi dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirib. Dünya azərbaycanlılarının milli birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndərimiz xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə baxmayaraq, həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.Yorulmaz fəaliyyəti ilə Heydər Əliyev siyasi fəlsəfəsinə, onun liderlik məktəbinə söykənən Prezident İlham Əliyev Ulu Öndərin bu sahədəki xidmətlərini uğurla davam etdirir.
Dövlətimizin başçısının “Dünya azərbaycanlılarının II qurultayının keçirilməsi haqqında” 2006-cı il 8 fevral tarixli Sərəncamına uyğun olaraq, həmin il martın 16-da Bakıda keçirilən növbəti mötəbər toplantı xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsi istiqamətində yeni addım olub, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması işində əhəmiyyətli rol oynayıb. Diasporumuzun təşkilatlanması prosesi bu gün daha sürətlə gedir. Dünya Azərbaycanlılarının I qurultayında yaradılmış Əlaqələndirmə Şurasının 2008-ci il dekabrın 18-də Bakıda keçirilmiş iclası, toplantıda “Dünya Azərbaycanlılarının Xartiyası”nın qəbulu birlik və mütəşəkkilliyinin artması, tarixi Vətənlə əlaqələrinin möhkəmlənməsi, diaspor potensialının möhkəm amilə çevrilməsini göstərməklə yanaşı, müstəqil Azərbaycanın bütün dünya azərbaycanlıları üçün cazibə mərkəzi olduğunu da bir daha təsdiqləyib.Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir.Dövlətimizin diaspor siyasəti, həmvətənlərimizin birlik və həmrəyliyinin möhkəmləndirilməsi, onların daha mütəşəkkil formada təşkilatlanması prosesi özünün yeni mərhələsinə qədəm qoyub. Artıq dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, təcavüzkar erməni dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər. Onlar Azərbaycan dövlətinin dəstəyi sayəsində qardaş və dost xalqların lobbi və diasporları ilə səmərəli əməkdaşlığın qurulması sahəsində təsirli tədbirlər həyata keçirirlər. Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib.
Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.Ölkəmizin İkinci Qarabağ müharibəsindəki tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bugündə fəxr edirəmki, mən azərbaycanlıyam!”- müdrik rəhbərin-Ümummilli lider Heydər Əliyevin bu kəlamları hərbir həmvətənlərimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər