Bu çətin günlər ərzində yanımızda olan, öz dəstəyini göstərənlərdən biri də Əlcəzair olmuşdur

Bu çətin günlər ərzində yanımızda olan, öz dəstəyini göstərənlərdən biri də Əlcəzair olmuşdur
Həyatını, bəlkə də ömrünün qalan bütün illərini Vətəni üçün fəda edən neçə-neçə oğullarımız, mərd, igid şəhidlərimiz, qazilərimiz var. Onların arzusu yerinə yetdi, amma yalnızca onların deyil, 10 milyon əhalinin 30 ildir ürəyində qalan arzunu da yerinə yetirdilər – BÜTÜN OLMAQ, AZƏRBAYCAN OLMAQ, YENİDƏN DƏMİR YUMRUQ KİMİ BİRLƏŞMƏK.
Mən müharibəni sevmirəm! Gənc yaşda igidlərin torpağa qovuşması mənzərəsini izləməyi də. Yarım olan heç nəyi sevmirəm, Vətənimin də həmçinin. Bəzi hallar qaçınılmazdır. Ya qaçmalısan, ya da savaşmalısan. Bu savaşda qaçmağı deyil, savaşmağı seçdik, savaşdıq, birlik olduq, əldə etdik. Haqqımız olanı zərrəsinə qədər geri aldıq. Bəli, sübut etdik, Azərbaycanın nəyə, kimlərə sahib olduğunu, dünyanın Azərbaycan igidlərinin yanında olduğunu təsdiqlədik.
Bu çətin günlər ərzində yanımızda olan, öz dəstəyini göstərənlərdən biri də Əlcəzair olmuşdur. Məhz bu məsələ ilə bağlı öz hörmət və qardaşlığını göstərən Əlcəzair Prezidenti Abdelmacid Tebbun cari ilin 1 noyabr tarixində İlham Əliyevi ölkələrinə dəvət etmişdir. Əlcəzairin paytaxtında keçirilən görüşdə Prezident İlham Əliyev dəvətlə bağlı minnətdarlığını bildirmiş, Əlcəzairin Milli Azadlıq Günü münasibətilə təbriklərini ünvanlayıb, çıxışına başlamışdır:
“Mən bu gün şəhidlərin xatirəsini yad etdim, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdim və gördüklərim mənə çox təsir etdi. Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1,5 milyon əlcəzairlinin ölümü ilə nəticələnmişdir. Bu gün biz bu faciəni anaraq gələcəkdə belə faciələrin qarşısının alınması üçün əlimizdən gələni etməliyik.
Azərbaycan da Əlcəzair kimi işğaldan əziyyət çəkib. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss edirdik.
Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Biz İslam həmrəyliyinə kifayət qədər töhfə vermişik. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. Bu idman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.”
Daha sonra pandemiya dönəmindən söhbət açan prezident, peyvəndin lazım olduğu dönəmdə nə qədər ədalətsizliklərin olduğunu da vurğuladı:
“Hörmətli həmkarlar, xatırlayırsınızsa, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Hətta inkişaf etmiş bəzi Qərb ölkələri vaksinləri lazım olduğundan beş dəfə, on dəfə çox əldə edirdilər. Amma resursları olmayan ölkələr əziyyət çəkməyə məcbur idi. Beləliklə, Azərbaycan bu məsələdə bir daha peyvənd millətçiliyinə, peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının da bizim mövqeyimizə dəstəyini gücləndirdi. Biz gələn ilin martında Qoşulmama Hərəkatının Sammitini keçirməyi planlaşdırırıq. Bu fürsətdən istifadə edib Ərəb Dövlətləri Liqasına üzv olan dövlət və hökumət başçılarını həmin Sammitdə iştirak etməyə dəvət edirəm.”
Keçirdiyimiz ağır 2 ilin fəsadlarından söhbət açan İlham Əliyev, amansız düşmənin nələr törətdiyini, çətin günlərin nə dərəcədə qaçılmaz olduğunu da təsvir etdi:
“İki il əvvəl Azərbaycan Ermənistan tərəfindən torpaqlarımızın iyirmi faizinin demək olar ki, otuz ilə yaxın davam edən işğalına son qoydu. Aparıcı beynəlxalq qurumların qətnamələrinə və qərarlarına baxmayaraq, Ermənistan bütün qərar və qətnamələrə məhəl qoymamış və Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. Bizim insanlarımız etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir, lakin bu qətnamələr heç vaxt icra olunmamışdır.
İki il əvvəl Azərbaycan, qeyd etdiyi kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq.”
Ermənistanın işğalçı təşəbbüslərindən sonra, “Böyük Qayıdış” layihəmizin də xırdalıqlarından bəhs etdi:
“İndi isə biz şəhər və kəndlərimizi bərpa edirik. Biz “Böyük Qayıdış” adlanan proqramın icrasına başlamışıq. Biz bunu öz resurslarımız hesabına edirik. Əfsuslar olsun ki, beynəlxalq donor təşkilatları bizə bu işdə yardım etmirlər. Biz özümüz bunu edirik. Bu gün Mücahidlər Muzeyini ziyarət edərkən mənə məlumat verildi ki, Fransanın işğalı zamanı fransızlar 5 milyondan çox mina basdırmışdı. Bu isə mənə bizim eyni ilə üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırılmasını xatırlatdı. 2020-ci ilin noyabr ayında müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlı həlak olmuş, yaxud ciddi yaralanmışdır. Biz bu işləri özümüz görürük. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq. Ərəb Dövlətləri Liqasına qardaş ölkə Azərbaycanın Prezidenti, Qoşulmama Hərəkatının Sədri olaraq mən sizi bir daha əmin etmək istəyirəm ki, biz həmrəyliyimizi, birliyimizi daha da möhkəmləndirmək üçün əlimizdən gələni edəcəyik.”
Prezident İlham Əliyevin də dediyi kimi, bu xalq birlik olduqca, əlindən gələnin ən yaxşısını etməyə qadirdi. Nə qədər ki, DƏMİR YUMRUQ kimi birlikdəyik, düşmən bizdən qorxsun! Torpaq uğrunda ölən varsa, VƏTƏNDİR!

Balaxanı qəsəbəsi, 259 nömrəli məktəbin
Tarix müəllimi Vəfa Babayeva

Oxşar xəbərlər