II Qareginlə bağlı radikal addımlar Ermənistanda qarşıdurmanı dərinləşdirəcəkErmənistanın baş naziri Nikol Paşinyan dekabrın 28-də Erməni Apostol Kilsəsi ilə bağlı məsələyə “son nöqtə qoymaq” niyyətindədir. Bu barədə 24News saytı məlumat yayıb. Bildirilir ki, Paşinyan artıq güc strukturlarına müvafiq tapşırıqlar verib. İddiaya əsasən, plan çərçivəsində baş nazirin tərəfdarları, kilsədən uzaqlaşdırılmış və ya sanından məhrum edilmiş sabiq din xadimləri, eləcə də bir qrup yepiskop Eçmiədzinə daxil olmağı, liturgiyada iştirak etməyi və Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginin patriarx iqamətgahını tərk edərək “istefaya getməsi”nə nail olmağı planlaşdırırlar.
24News-un yazdığına görə, bu məqsədə çatmaq üçün müxtəlif ssenarilər müzakirə olunur. Həmin ssenarilər arasında katolikos II Qareginin həbs edilməsi də istisna edilmir. Mənbənin bildirdiyinə görə, “uğurun təmin edilməsi” üçün güc strukturları 28 dekabrı gözləmədən bir neçə gün əvvəl aktiv fazaya keçə bilər. Eçmiədzin ərazisinin bağlanması, kütləvi axtarışların aparılması və katolikosa sadiq ruhanilərin saxlanılması planlaşdırılır.
Məqalədə qeyd olunur ki, bu ssenari əvvəllər arxiyepiskop Arşak Xaçatryanla bağlı baş verən hadisələri xatırladır və kilsə-dövlət münasibətlərində gərginliyin daha da dərinləşəcəyindən xəbər verir.
Bu ssenarilərin hər hansı birinin, xüsusən də Qareginin həbsinə erməni cəmiyyətinin, eləcə də Rusiyanın reaksiyası necə ola bilər?
Politoloq Yusif Bağırzadə “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyanın Erməni Apostol Kilsəsi ilə bağlı addımları, xüsusilə katolikos II Qareginin istefaya göndərilməsi və ya həbs edilməsi ehtimalı, ölkə üçün həm daxili, həm də regional səviyyədə ciddi siyasi gərginlik yarada biləcək hadisələrdən biridir: “Şübhəsiz ki, bu addımın məqsədi Paşinyanın dövlət hakimiyyətini və siyasi nəzarətini gücləndirmək istəyindən, eləcə də qarşıda gözlənilən seçkilərdə kilsənin proseslərə müdaxiləsinin minimallaşdırılmasından ibarətdir. Lakin onun nəticələri həm ictimai reaksiyalar, həm də regional aktorların davranışı baxımından əhəmiyyətlidir. Uzun illər ərzində erməni cəmiyyəti üçün katolikos II Qaregin yalnız dini rəhbər yox, həm də milli-mədəni simvol və ictimai etimad mənbəyi kimi qəbul edilib. Düzdür, Paşinyanın uzun bir dövr ərzində Qareginlə bağlı təbliğatı öz sözünü deyib və istər korrupsiya faktları, istərsə də subaylıq andı ilə bağlı ortaya qoyulan faktlar onun nüfuzuna mənfi təsir göstərib. Amma bütün bunlara baxmayaraq, II Qareginlə bağlı radikal tədbirlərə əl atılması, xüsusilə onun həbsi, geniş ictimai etiraz dalğasına səbəb ola bilər”.
Politoloq qeyd etdi ki, Ermənistanda cəmiyyətin dini institutlara bağlılığı yüksək olduğundan, belə bir addım həm paytaxtda, həm də kilsənin ənənəvi tərəfdaş bazasında kəskin narazılıq yarada bilər: “Əvvəlki illərdə arxiyepiskop Arşak Xaçatryanla bağlı hadisələr müəyyən bir göstərici olsa da, katolikos II Qareginin nüfuzu daha böyük olduğundan, bu dəfə etirazların miqyası daha geniş ola bilər”.
Y.Bağırzadə hesab edir ki, Rusiya üçün bu gərginlik həm strateji, həm də diplomatik baxımdan diqqət mərkəzindədir: “Katolikosun həbsinə yönələn addımlar Moskvanın regiondakı təsir imkanlarını çətinləşdirə bilər. Odur ki, Paşinyanın planlaşdırılan tədbirləri Ermənistanın daxili siyasi həyatına da ciddi təsir göstərə bilər. Müxalifətin böyük ölçüdə kilsə rəhbərliyi kimi Rusiyaya bağlılığı hökumət-müxalifət qarşıdurmasını dərinləşdirə, sosial və dini bazada parçalanmanı gücləndirə bilər. Ümumilikdə, katolikos II Qareginlə bağlı radikal addımlar Ermənistan cəmiyyəti üçün geniş ictimai narazılıq, Rusiya və digər regional aktorlar üçün isə diplomatik və strateji risklər müşahidə oluna bilər. Odur ki, Paşinyanın da bu riskləri nə qədər nəzərə alacağından və atılacaq addımlarda həm daxili siyasətdə stabilliyin qorunması, həm də regional əlaqələrin idarə olunması baxımından necə davranacağından çox şey asılı olacaq”.