Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət?

Türkiyəyə qarşı o yasaq götürülsə... - Bakı üçün fürsət? Rusiya əndişədədir; CAATSA-nın ləğvi qardaş ölkələr üçün böyük imkanlar yaradacaq
Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Donald Tramp Senatda Türkiyəyə qarşı tətbiq edilən CAATSA sanksiyalarının ləğvi ilə bağlı prosesin başladılmasına təşəbbüs göstərib. Məsələ yanvar ayında - Milad bayramından sonra Senatın gündəliyində yekun müzakirəyə çıxarıla bilər.

Proses uğurla başa çatarsa, Türkiyə ABŞ silah bazarına qoyulan bütün məhdudiyyətlərdən azad olunacaq və Amerika istehsalı olan silah-sursat və hərbi texnikanı maneəsiz şəkildə əldə etmək imkanı qazanacaq. Bu addım Vaşinqton-Ankara münasibətlərində uzun müddətdir davam edən gərginliyin yumşaldılması kimi qiymətləndirilir.

Xatırladaq ki, CAATSA sanksiyaları Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq tətbiq edilmişdi. Ankara bu səbəbdən "F-35" proqramından kənarlaşdırılmışdı. İndi isə Tramp administrasiyasının bu təşəbbüsü ABŞ-nin Türkiyəni yenidən strateji hərbi tərəfdaş kimi görmək istədiyini göstərən açıq siqnal sayılır.

Mümkün qərar təkcə ABŞ-Türkiyə münasibətlərinə deyil, həm də NATO daxilində balanslara və regionda hərbi-siyasi proseslərə ciddi təsir göstərə bilər.

Bəllidir ki, qardaş ölkə bizim 1 nömrəli hərbi-strateji müttəfiqimizdir. Odur ki, sual yaranır: Türkiyəyə qarşı qadağanın götürülməsi Azərbaycana hansı dividentlər vəd edir?

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”a söylədi ki, Türkiyənin Rusiyadan hər hansı bir hava hücumundan müdafiə sistemi alması ABŞ-Türkiyə münasibətlərində bu qədər problemlər yaratmalı deyildi: “ABŞ-nin Türkiyəni sevməyən siyasi dairələri bu hadisəni böyüdüb belə hala gətirdilər. Sual olunur: Rusiyadan "S-400" hava hücumundan müdafiə sisteminin alınması Amerika Birləşmiş Ştatlarının təhlükəsizliyinə hər hansı bir təhdid yarada bilərmi? Təbii ki, yox! Bəs belə olan halda regionda gərginliyin azaldılması, sülhün bərqərar olması, terrorizmin köklərinin kəsilməsi yolunda bütün dünyanın gözləri qarşısında mücadilə edən Türkiyəyə qarşı bu addım nədən atıldı? Dediyimiz kimi, Türkiyənin ABŞ ilə yaxınlığını istəməyən və bu münasibətlərin pozulması və ya gərginləşməsi üçün hər fürsətdən istifadə etməyə çalışan qüvvələr bu dəfə yeni bir fürsəti alətə çevirməkdən çəkinmədilər.

Rusiya ilə Türkiyə arasında "S-400"ün alınmasına dair müqavilə Trampın birinci prezidentliyi dövrünə düşsə də, ABŞ-nin Co Bayden hakimiyyəti bu fürsətdən istifadə edərək Türkiyə ilə münasibətləri yetərincə gərginləşdirdi. Tramp hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra dünya düzənində baş verən hadisələri daha dolğun və obyektiv qiymətləndirmək yolunu seçdi. ABŞ-nin yeni administrasiyası yaxşı başa düşür ki, Yaxın Şərqlə Avropa ortamındakı böyük regionun açar dövləti onun NATO üzrə ən yaxın müttəfiqi və tərəfdaşı Türkiyədir. Bu səbəbdən də biz Trampın hakimiyyətə gəldiyi ilk gündən Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan haqqında səsləndirdiyi yüksək fikirləri eşitdik. Bu həm də iki ölkə arasında münasibətlərin ən yüksək səviyyəyə qaldırılmasına dair istəyin mesajları idi. Və biz bu gün iki ölkə arasında münasibətlərin getdikcə dərinləşməsinin şahidi oluruq. Əgər ABŞ administrasiyası Türkiyəni Zəngəzur dəhlizindən keçəcək Tramp yolunun idarəçiliyinə cəlb etmək təşəbbüsü ilə çıxış edirsə, deməli, Birləşmiş Ştatlar bu bölgənin ən həssas məsələsini Türkiyəyə etibar etmək seçimi edib.

Bütün bunların fonunda indi ABŞ Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemləri almasına cavab olaraq tətbiq edilmiş CAATSA sanksiyalarını aradan qaldırmaq yolunu seçdi. Bu, gerçəkdən Tramp administrasiyasının Türkiyəni yenidən ABŞ-nin strateji hərbi tərəfdaşı kimi görmək istədiyini sübut edən bir faktdır. Türkiyəmizlə ABŞ arasında yaranmış gərginliyin aradan qaldırılması və Türkiyənin bu regionda ABŞ-nin ən etibarlı tərəfdaşına çevrilməsi bizim də gücümüzə güc qatılması demək olacaq".

Siyasi təhlilçi Sona Əliyeva hesab edir ki, bu qanun ləğv olunarsa, Azərbaycan da bundan yararlana bilər: “Türkiyəyə silah satışının bərpa olunması məsələsi hələ ki müzakirə mərhələsindədir. Doğrudur, hazırda prezident Donald Tramp bu məsələni yenidən gündəmə gətirib, amma ABŞ-də prezident bu kimi strateji məsələlərin həllində əsas rola malik deyil. Bu kimi təhlükəsizlik məsələləri qapalı müzakirələrdən sonra Senatda dartışılır. Əgər müzakirələrdən keçərsə, qadağanın aradan götürülməsi ilə bağlı sənəd ratifikasiyadan sonra imzalanması üçün prezidentə göndərilir. İndiki məqamda Birləşmiş Ştatlarla Türkiyə arasında strateji tərəfdaşlıq yüksək səviyyədədir. Buna baxmayaraq, Ankaranın da strateji hədəfləri və qırmızı xətləri var. Yəni qardaş ölkə ABŞ-nin diqtəsi ilə Rusiyadan alınan "S-400" raket sistemlərindən imtina etməyəcək. Onları ruslara geri qaytarmayacaq. Çünki bu, Türkiyənin hava sistemindəki boşluqların doldurulması üçün alınan silahlardır. Fikrimcə, ABŞ indiki mövqeyindən geri çəkilərsə, Vaşinqtonla Ankara arasında müəyyən razılıq əldə oluna bilər. Hələ ki CAATSA qanununun ləğvi ilə bağlı müsbət düşünmək tezdir. Əgər bu baş tutarsa, Azərbaycan da bu qanundan yararlana bilər. Çünki Türkiyə bizim əsas strateji müttəfiqimizdir. Hətta ABŞ müəyyən silahları məhz Azərbaycan vasitəsilə Türkiyəyə sata bilər. Yəni CAATSA-nın ləğvi mümkün olmasa belə, Azərbaycan üzərindən həmin silahların Türkiyəyə göndərilməsi mümkündür”.

Oxşar xəbərlər