Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə yüksəlir

Azərbaycan-Gürcüstan əməkdaşlığı indiki şəraitdə əhəmiyyətli bir mərhələyə yüksəlir Azərbaycan Respublikası Prezidentinin Gürcüstana səfəri, müzakirə olunan məsələlər və əldə olunmuş razılaşmalar iki ölkənin münasibətlərində yeni mərhələdir. Eyni zamanda, artıq strateji tərəfdaşlığın həqiqətən də müttəfiqliyə çevrilməsinin əlamətləri aşkar şəkildə ortadadır. Çünki bəzi xırda məsələlər istisna olmaqla bu gün həqiqətən Gürcüstanla Azərbaycanın arasında çoxşaxəli və dərinləşməkdə olan dinamik xarakterli əməkdaşlıq var. Xüsusilə də Azərbaycanın Mərkəzi Asiya və Avropa arasında çox önəmli bir mövqedə yerləşməsi, eləcə də Gürcüstanın da dediyimiz bölgədə əlverişli coğrafi mövqeyə malik olması Azərbaycanı və Gürcüstanı bir-birinə təbii şəkildə müttəfiq edib. Azərbaycan Prezidentinin də çox haqlı olaraq dediyi kimi bu gün dünyanın ehtiyacları xüsusilə də enerji daşıyıcılarına olan ehtiyaclar Azərbaycan və Gürcüstanın arasında müttəfiqliyin təbii olaraq dərinləşdirilməsini tələb edib və yeni əməkdaşlıq istiqamətlərini qaçılmaz bir səviyyəyə çıxardır.
Səfər zamanı Azərbaycanın enerji daşıyıcılarının dünyanın indiki tələbatının artımı şəraitində yeni səviyyələrdə ixracın reallaşması və bu ixrac reallaşmasında Azərbaycan -Gürcüstan əməkdaşlığının yeni perspektivləri müəyyən olundu. Haqlı olaraq qeyd olundu ki, Azərbaycanın indiyə qədər Gürcüstanla yaxşı münasibətlərdə olması və işgüzar əməkdaşlıq qurması hər iki ölkənin nəqliyyat infrastrukturlarının geniş şəkildə əlaqələndirilməsinə və istifadəsinə imkan verib. Ancaq buna baxmayaraq dünyanın indiki enerjiyə olan tələbatlarının artması, Rusiya enerjisinin Avropada bazarlarının demək olar ki, sıfıra yenməsi Azərbaycan enerji daşıyıcılarının qərbə çatdırılmasında Gürcüstanın rolunu önəmli dərəcədə artırır. Yəni, əslində bu təkcə Azərbaycan üçün önəmli deyil. Bu əməkdaşlıq Gürcüstanın özü üçün də olduqca vacibdir və bütün parametrlərə görə bu gün Azərbaycan-Ermənistan, Azərbaycan-Gürcüstan əməkdaşlığının strateji müttəfiqlik səviyyəsinə yüksəlməsinin Azərbaycan qədər Gürcüstanın özü üçün də böyük önəmi var. Ona görə ki, Gürcüstan da qərb inteqrasiyasına meyllidir, qərbin siyasi inteqrasiya layihələrində fəal iştirak etmək istəyir, eyni zamanda qərbin enerji sisteminin bir parçası olmağa can atır ki, bunu da Azərbaycanın köməyi olmadan həyata keçirmək praktik şəkildə mümkünsüzdür. Azərbaycanın Xəzər dənizindəki infrastrukturlardan eləcə də neft-qaz kəmərlərindən, Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarından istifadə məsələsində Gürcüstanla əməkdaşlıqda yeni perspektivlərin açılması da bu səfər zamanı geniş şəkildə vurğulandı.
Nailə Nəsirova-Zabrat bələdiyyəsinin sədri

Oxşar xəbərlər