Azərbaycanın Heydər Əliyev dövrü müstəqillik tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilir

Azərbaycanın Heydər Əliyev dövrü müstəqillik tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilir Dünya dövlətləri arasinda özünü təsdiq etmək, bir millət kimi öz varlığını tanıtmaq və sivil dövlətlər cərgəsində dayanmaq üçün hər bir dövlətin güclu xarici siyasəti olmalıdır. Müstəqillik qazanandan sonra çətinliklər qarşısında qalan Azərbaycan xalqı, daxili çəkişmələrə baxmayaraq, özünün xilaskar rəhbərini tapa bildi. Öz ömür çırağı ilə xalqının yoluna nur salan o insan, öz ömür şamını həmvətənləri uğrunda əridən, ürəyi "Vətən" sözü ilə isinən o dahi şəxsiyət Heydər Əliyev idi.
Heydər Əliyevin 1969-cu ildə Azərbaycana siyasi rəhbərliyə gəlişi ölkəyə yeni təfəkkür, yeni baxış,yeni nizam-intizam gətirmişdi, onun 1993-cü ildə ikinci dəfə Vətənin ən ağır, dəhşətli günlərində paytaxt Bakiya dönməsi Odlar yurdunu böyük faciədən xilas etmiş oldu. Çünki artiq idarə oluna bilməyən, hər anı "ölüm, ya olum" hökmü ilə üzləşən qalan xalq sonu görünməyən uçurumun qarşısında idi. Bəzi qüvvələrin Vətənimizi düşmən tapdağı altina salmaq, var-dövlətini hərraca qoymaq, xalqımızı regionlara parçalamaq kimi xəbis niyyətləri Heydər Əliyevin yüksək fədakarlığı, cəsarəti nəticəsində boşa çıxdı. Dövləti olmayan xalq ölümə məhkumdur, Heydər Əliyevin hakimiyətə qayıdışı Azərbaycanı vətəndaş müharibəsi təhlükəsindən , dövlət çevrilişi cəhdlərindən xilas etdi, ölkədə siyasi sabitlik yaratdı və müstəqil dövlətçiliyimizin əsasını qoydu.
Azərbaycanın Heydər Əliyev dövrü müstəqillik tariximizin ən şərəfli, ən şanlı səhifəsi hesab edilir. Zəkasının qüdrəti ilə bir insan ömrünə sığmayan işlər görmüş dahi insan "Gecəm də Azərbaycandır, gündüzüm də. Çünki mən bu xalqın oğluyam, bu mənim Vətənimdir, mənim Azərbaycanımdır ", deyib ömrü boyu azərbaycanlı olmasi ilə fəxr etdi. Elə buna görə də böyük rəhbərin misilsiz, əvəzsiz xidmətini xalq hər il "Qurtuluş bayramı" kimi qeyd edir. Günahsız xalqı qırğınların cəngindən almaq üçün 1994-cü ilin mayında Ermənistan-Azərbaycan münaqişəsində atəşkəs imzalandı, terror aktlarına cəhdlər aradan qaldırıldı. Demokratik Azərbaycan Respublikasının ilk Konstitusiyasi qəbul olundu.ATƏT dövlətlərinin Lissabon görüşlərində Heydər Əliyev dühası, diplomatiyası bir daha sübut etdi ki, Azərbaycan müstəqil respublikadır, torpaqları toxunulmazdır və həmin dövlətləri ədalətli qərar çıxarmağa məcbur etdi.
Ümummilli lider öz xarici siyasətində daxili iqtisadi yüksəlişə yönəlmiş istiqamətləri daha da önə gətirirdi. Uzun illər Azərbaycana rəhbərlik etmiş bir şəxsiyyət kimi "neft strategiyasi" adlı iqtisadi siyasəti də dövlətimizə öz töhfəsini verirdi və hələ də verməkdədir. Bugün Ali Baş Komandanımız İlham Əliyev tərəfindən yenilməz Azərbaycan dövlətinin müstəqilliyinin qorunub saxlanılması, işğalda olan torpaqlarımızın 44 gün ərzində azad edilməsi də məhz Heydər Əliyevlə başlamış həmin o şanlı dövlətçilik tariximizin yeni səhifəsidir.

Sabunçu rayonu, 130 nömrəli tam orta məktəbin
ingilis dili müəllimi Reyhan Vəliyeva



Oxşar xəbərlər