
Bununla yanaşı əmək ehtiyatlarından səmərəli istifadə yolu ilə əhalinin məşğulluğunu təmin etmək məqsədilə AR Prezidentinin 2005-ci il 26 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən 2006–2015-ci illər üzrə də Məşğulluq Strategiyası olub. Nəticədə işsizlik səviyyəsi 7,3%-dən 5%-dək, yoxsulluq səviyyəsi 29,3%-dən 4,9%-dək azalmış, əhalinin gəlirləri 5,2 dəfə, minimum əmək haqqı 3,5 dəfə, orta aylıq nominal əmək haqqı isə 3,8 dəfə artmışdır. Hazirda ölkə üzrə minimum əmək haqqı 300 manatdır.
Bu müddət ərzində işsizlərin, işə düzəlməkdə çətinlik çəkən vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, əmək bazarının təkmilləşdirilməsi, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşması və rəqabətqabiliyyətliliyinin artması, iqtisadi fəallığın yüksəlməsi üçün əlverişli şərait yaradılması sahəsində xeyli sayda tədbirlər həyata keçirilib.
Ölkədə son illərdə 1,96 milyon yeni iş yeri yaradılmış və bunun da 73,3%- daimi iş yerləri olmuşdur.Yeni iş yerlərinin 70%-dən çoxu regionların, mütləq əksəriyyəti qeyri-neft sektorunun (tikinti, ticarət-xidmət, emal sənayesi, nəqliyyat və s.) payına düşüb. 2017-ci ildə ölkədə iqtisadi fəal əhalinin sayı 2005-ci illə müqayisədə 693,7 min nəfər artaraq 5073,8 min nəfərə çatmış, onun da 4822,1 min nəfərini iqtisadiyyatda məşğul olanlar, 251,7 min nəfərini isə işsiz əhali təşkil edib. 2005–2017-ci illər ərzində iqtisadiyyatda muzdla işləyənlərin sayı 20,7% artaraq, 1525,0 min nəfərə çatıb, ümumi məşğul əhalinin 31,6 %-nə bərabər olub.
2021-ci il fevralın 2-də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında AR Prezidentinin sərəncamı 2020-ci ildə ölkəmizin işğal altındakı torpaqlarının azad edilməsi və ərazi bütövlüyünün bərpası ilə nəticələnən tarixi Zəfərdən sonra Azərbaycan keyfiyyətcə yeni strateji mərhələyə daxil olması ilə bağlıdır. Belə ki, qlobal iqtisadi reallıqlar ölkənin əsas sosial-iqtisadi inkişaf istiqamətlərinin və buna uyğun milli prioritetlərin müəyyən olunmasını tələb edir. 2021‒2030-cu illəri əhatə edən Milli Prioritetlər yeni strateji dövrdə qarşıda duran hədəflərə nail olmaq, bunun üçün uyğun social islahatlar çərçivəsini formalaşdırmaq məqsədi daşıyır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” XXI əsrdə ölkəmizin inkişafı ilə bağlı qəbul olunan ikinci uzunmüddətli strategiyadır. 2012-ci ildə dövlət başçısının müvafiq fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası təsdiq edilmişdi.
2 iyun 2020-ci ildə “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nın təsdiq edilməsi haqqında AR Prezidentinin sərəncamı dövlət uşaq siyasətinin həyata keçirilməsi və uşaqların hüquqlarının müdafiəsinin kompleks şəkildə təmin edilməsi məqsədi daşıyır.
Ölkə başçısının 9 avqust 2018-ci il tarixli “Əhalinin məşgulluğunun sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmiləşdirilməsi ilə bağlə əlavə tədbirlər haqqında” Fərmanı ilə yaradılmış DOST Agentliyi sosial sahədə vətəndaşlarən tələbatlarının ödənilməsində xüsusi yer tutur.
2016-cı il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 4 milyon 970,7 min nəfər olub, onlardan 4 milyon 724,6 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib. 2016-cı il avqustun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1 milyon 521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 888,8 min nəfər, qeyri-dövlət sektorunda isə 632,3 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,6 min nəfər, qeyri-neft sektorunda isə 1 milyon 486,5 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,9%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,3%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,1%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%- inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2016-cı ilin yanvar-iyul aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib. 2016-cı il sentyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 34,4 min nəfər olub, onların 37,8%-ini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 241,8 manat olub.
2020-ci ildə 100 min işsiz və işaxtaran şəxs işlə təmin edilmişdir.Bu dövrdə 12 min nəfər özünüməşğulluq proqramına cəlb edilmiş, onlar üçün iqtisadiyyatın müxtəlif sahələri üzrə kiçik təsərrüfatlar, biznes sahələri yaradılmışdır. Eyni zamanda, peşə hazırlığı kurslarına 1014 nəfər cəlb edilib, onlara əmək bazarının tələblərinə uyğun olaraq müxtəlif sahələr üzrə peşələr tədris edilib. Pandemiya səbəbilə tədris “online” qaydada davam etdirilib. İşsiz şəxslərə peşə hazırlığı keçdiyi dövrdə minimum aylıq əməkhaqqı məbləğində təqaüd ödənilib.Dövlət Məşğulluq Agentliyi tərəfindən ötən il 37 660 şəxs peşəyönümü tədbirlərə cəlb olunub və onlara peşəyönümü məsləhət xidmətləri göstərilib: son bir ildə 1300 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilib.
Ölkə üzrə məşğul əhalinin sayı 2020-ci ilin sonuna olan tarixə 4876,6 min nəfər olub. 2021-ci il noyabrın 1-nə ölkədə iqtisadi fəal əhalinin, yəni məşğul və işsiz əhalinin ümumi sayı 5 milyon 302,4 min nəfər olub. Onlardan 4 milyon 986,6 min nəfərini məşğul əhali təşkil edib.
2021-ci il noyabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 702,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,6 min nəfər, qeyri-dövlət sektorunda isə 798,5 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,6 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 670,5 min nəfər çalışıb.
Bütün bunlar göstərir ki, əsası ulu öndərimiz H.Əliyev tərəfindən qoyulmuş islahatlar, o cümlədən sosial islahatlar son illərdə getdikcə genişlənir və bu isə əhalinin layiqli həyat səviyyəsinin yüksəldilməsinə gətirib çıxarır.
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Akademiyasının
müəllimi, hüquq üzrə elmlər doktoru, professor əvəzi
Əbülfəz Hüseynov İbrahim oğlu