Ağdam ərazisinin arxeoloji əhəmiyyəti

Ağdam ərazisinin arxeoloji əhəmiyyəti Qarabağ inzibati regionuna daxil olan Ağdam şəhəri zəngin tarixə və arxeoloji abidələrə malikdir. Bölgədə XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycan və rus arxeoloqları tərəfindən silsilə arxeoloji qazıntılar aparılmışdır. Qazıntılar nəticəsində məlum oldu ki, Ağdamda insanlar hələ ibtidai icma quruluşu dövründən məskunlaşıblar. Ağdam rayonunun Xındırıstan-Quzanlı şossesinin sol tərəfində yerləşən Leylatəpə yaşayış məskəni 1984-1990-cı illərdə arxeoloq İdeal Nərimanov tərəfindən tədqiq olunmuşdur. Leylatəpə yaşayış məskənindən aşkar edilmiş maddi mədəniyyət nümunələrinə əsasən demək mümkündür ki, Ağdamda ilk məskunlaşma Eneolit (mis-daş) dövrünə təsadüf edir. Leylatəpədən aşkar edilmiş saxsı qablar Mesopotomiyanın Übeyd mədəniyyətinin daşıyıcılarının hazırladıqları qabların analogiyasıdır. Arxeoloqların fikrincə, bu, Leylatəpə sakinləri ilə Mesopotomiya tayfaları arasında gediş-gəliş əlaqələrinin nəticəsidir. Leylatəpənin arxeologiyası Cənubi Qafqaz üçün yeni olduğundan İ.Nərimanov onu "Leylatəpə mədəniyyəti" adlandırmışdır.

Ağdam arxeologiyasının parlaq səhifələrindən birini də Qafqazdakı ilk şəhər tipli yaşayış məskənlərindən biri olan Üzərliktəpə yaşayış məskəni təşkil edir. Təbii təpələrdən ibarət olan bu yaşayış kompleksi hələ 1954-cü ildən Azərbaycan və rus alimlərinin diqqətini cəlb etmişdir. Əvvəllər bu ərazi kurqan kimi tədqiq olunsa da, sonradan şəhər tipli yaşayış məskəni kimi tədqiqata cəlb edilmişdir. Arxeoloji qazıntılar 484 kvadrat metr sahədə aparılmışdır. Təbii təpə üzərində salınan yaşayış yerində mədəni təbəqənin qalınlığı 3 m-dir. Üzərliktəpə yaşayış məskəni Orta Tunc dövrünə aid edilir. Yaşayış məskəninin ətrafında qazılmış xəndəklər, arxeoloqların fikrincə, müdafiə xarakteri daşımışdır ki, bu da Üzərliktəpənin şəhər tipli məskən olduğunu bir daha təsdiqləyir.

28 ilə yaxın işğal altında qalan Ağdam şəhəri demək olar ki, maddi-mədəniyyət abidələri ilə birlikdə tamamilə dağıdılmışdır. Burada yerləşən Pənahəli xanın və Mehdiqulu xanın türbələri ciddi dağıntılara məruz qalmış, İbrahimxəlil xanın türbəsi isə tamamilə məhv edilmişdir.

Sabunçu qəsəbəsi, 67 nömrəli tam orta məktəbin

tarix müəllimi Sevinc Quluzadə

Oxşar xəbərlər