Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı

Şabranda Kür-Araz mədəniyyətinə aid yeni tapıntılar aşkarlandı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Tədris və beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərlik etdiyi "Şabran arxeoloji ekspedisiyası" Şabran rayonu Aygünlü kəndi ərazisində yerləşən I Çaqqallıqtəpə abidəsində arxeoloji qazıntı işlərini davam etdirib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən "Ölkə.Az"a verilən məlumata görə, qazıntı zamanı Kür-Araz mədəniyyətinə aid edilən saxsı qablar, sümükdən, daşdan hazırlanmış müxtəlif əmək alətləri, tuncdan hazırlanmış iki ədəd asma, gil təkər modeli, daşdan hazırlanmış tokin (mübadilə, hesablama və d. məqsədlər üçün istifadə edilən fiqur), bir ədəd zoomorf gil fiqur aşkar edilib.

Bu mövsümdə aparılan qazıntılar zamanı üzə çıxarılmış tikili qalıqları öz xüsusiyyətlərinə görə əvvəlki illərdə aşkar edilmiş tikili qalıqlarından fərqlənirlər. Belə ki, təmizlənmiş qazma tipli evin daxilində 5 ədəd dirək yerinin, iki kərpic sütunun, həmçinin kərpic sütunların arxa tərəfində qapı olması güman edilən, lakin sonradan çiy kərpiclə hörülən girişin aşkarlanması böyük maraq kəsb edir.

Sahənin şimal hissəsində 19 cərgə kərpiclə hörülmüş dairəvi evin üzə çıxarılmasını da böyük yenilik hesab etmək olar. Bunlardan əlavə ocaq yerləri, təsərrüfat quyuları da aşkar olunub. Qazıntı sahəsinin mərkəz hissəsinin təmizlənməsi nəticəsində çox böyük diametrli evin dirək yerlərinin tapılması maraqlı faktlardan biridir.

Aşkar edilən tikili qalıqları və maddi mədəniyyət nümunələri e.ə. IV minilliyin sonu – III minilliyin əvvəllərinə aid edilir.

Oxşar xəbərlər