Örnək birinci xanım

Örnək birinci xanım Mehriban Əliyevanın xidmətlərini göz önündə canlandıranda görürük ki, o bu gün təkcə Azərbaycan üçün deyil, ümumiyyətlə dünyamız və insanlıq üçün türk və müsəlman dünyasının şəriksiz qadın lideridir! O, ağlı, həyat tərzi və fəaliyyəti ilə nəinki ölkəsində, eləcə də Avropada, Qərbdə və təbii ki, Şərqdə böyük nüfuz qazanıb. Bəzi dünya mətbu orqanları bir çox birinci xanımları onunla müqayisə edir və üstünlüyü Mehriban Əliyevaya verirlər. Çünki o, təkcə gözəlliyi, zövqü və Prezidentin həyat yoldaşı olması ilə deyil, səmərəli və humanist fəaliyyəti ilə də dünyada artıq geniş şöhrət sahibidir. Xarici səfərlər zamanı onun Azərbaycan haqqında nə qədər yüksək fikir formalaşdırdığının dəfələrlə şahidi olmuşuq. Mehriban Əliyeva ilə görüşmüş dünyaca ünlü siyasət, ictimaiyyət, mədəniyyət xadimlərindən onun haqqında daim müsbət fikirlər eşidirik.

Bəlli olduğu kimi, 2004-cü ildə Azərbaycan şifahi xalq ədəbiyyatının və musiqi irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində yorulmaz səylərinə görə Mehriban Əliyeva YUNESKO-nun xoşməramlı səfiri adına layiq görülüb. Ümumiyyətlə isə o, gördüyü işlərə görə YUNESKO-nun ən fəal xoşməramlı səfirləri sırasındadır. Onun fəaliyyəti nəticəsində YUNESKO-nun qərargahında Azərbaycanın böyük şəxsiyyətlərinin yubileyləri qeyd olunur, Azərbaycan mədəniyyətini təbliğ edən çoxsaylı tədbirlər keçirilir. YUNESKO-nun baş katibinin iştirakı ilə Azərbaycan Respublikası ilə təşkilat arasında təhsil sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Bakıda YUNESKO ilə birlikdə təhsil sahəsində beynəlxalq konfrans keçirilib. Habelə Bakıda möhtəşəm Beynəlxalq Muğam Mərkəzi yaradılıb. Azərbaycanın ecazkar milli musiqisinin inkişafı, dünyaya tanıdılması istiqamətində ciddi addımlar atılıb. Azərbaycanda dünyanın müxtəlif bölgələrindən gələn muğam ifaçılarının iştirakı ilə Beynəlxalq Muğam Müsabiqəsi keçirilib. Muğamın daha geniş təbliği nəticəsində dünya bu böyük musiqi ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Azərbaycanın qədim musiqisi olan əsrarəngiz muğam YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb.

Mehriban Əliyevanın YUNESKO xətti ilə keçirilən tədbirlər çərçivəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini abidələrin dağıdılmasını qeyd etmədiyi bir çıxışını belə xatırlamaq çətindir. Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond erməni iftiralarını, Azərbaycan həqiqətlərini, Xocalı faciəsini, Ermənistanın işğal etdiyi ərazilərdə törətdiyi vəhşilikləri, təkcə Azərbaycana deyil, bütün insanlığa məxsus olan dini, tarixi və mədəni abidələrin dağıdılmasını özündə əks etdirən, bir çox dillərdə kitablar nəşr etdirir, filmlər hazırlayıb dünya ictimaiyyətinə doğru bilgilərin çatdırılması istiqamətində misilsiz işlər görür.

Abdullayeva Mətanət, 137 saylı orta məktəbin direktoru

Oxşar xəbərlər