Mosul əməliyyatı - Poliqon, yoxsa İŞİD-ə qarşı mübarizə meydanı? — Hərbi ekspert rəyi

Mosul əməliyyatı - Poliqon, yoxsa İŞİD-ə qarşı mübarizə meydanı? — Hərbi ekspert rəyi Mosulda İŞİD-ə qarşı dünyanın böyük gücləri hərbi əməliyyatlar həyata keçirir.

ABŞ, Fransa, Türkiyə havadan Mosulu bombalayır. Bundan əlavə, ABŞ artileriyası da İŞİD mövqelərinə durmadan atəş açır. Qurudan isə İraq ordusu və xüsusi təyinatlıları, Bərzaninin peşmərgələri İŞİD-i məhv etməyə çalışır.

Bu qədər güclərin eyni zamanda İŞİD-ə qarşı müharibə elan eməsi birmənalı qarşılanmır. Bəzi ekspertlər iddia edir ki, bu əməliyyatlar həm poliqon, həm də yeni silahları sınaqdan keçirmək üçün əla imkandır.

Mosul əməliyyatı barədə hərbi ekspert Üzeyir Cəfərov Ölkə.Az-a danışıb:

"Dünyanın böyük güclərinin əlinə uğurlu təlim meydanı düşüb. Hər bir dövlət əlinin altında olan silahlı birləşmələrə təlim, təcrübə keçir. Kimin nə bacarığı varsa, Mosulda sınaqdan keçirmək istəyir. Biri xüsusi təyinatlılarını, biri aviasiyasını, biri artilleriyasını, digəri anti-terror taktikasını Mosulda həyata keçirir. Zərbə isə günahsız insanlara dəyir, dağıntıların sayı-hesabı yoxdur, ancaq İŞİD öz bildiyini edir.

İŞİD üzvlərinin bir çoxu mülki əhaliyə qarışıb yerini dəyişir. Onların məqsədi odur ki, ara sakitləşsin. İŞİD gözəl bilir ki, bu qədər qüvvənin qarşısında duruş gətirə bilməyəcək. Onların sonu ən yaxşı halda əsir götürülmək, ən pis halda isə darmadağın olmaqdır. İŞİD əlində olan strateji obyektləri, neft yataqlarını itirməkdə davam edir. Ümumiyyətlə, İŞİD-in böyük güclərin, nizami orduların qarşısında davam gətirəcəyinə inanmaq ağlasığmazdır.

Mosul xarabalığa çevriləcək. Bunun da məsuliyyəti orada anti-terror əməliyyatı keçirən ölkələrin üstünə düşür. Böyük dövlətlər İŞİD-in genişlənməsinə, silahlanmasına göz yumdular. 21-ci əsrdir. Hər cür texnologiya var. Hesab edirəm ki, oranı bombalamadan da çox rahatlıqla İŞİD-i maddi və mənəvi cəhətdən sarsıda bilərdilər. Pilotsuz uçan aparatların xüsusi təyinatlılar olduğu halda bu boyda əməliyyat keçirməyinin məqsədi, məramı bəlli deyil. Ən böyük dağıntıya məruz qalan şəhər Mosul olacaq. Həddindən artıq müzakirələr gedir, ancaq ortada nəticə yoxdur".

Oxşar xəbərlər