Azərbaycan desantları Türkiyənin Konya şəhərində keçirilən "Anatolian Phoenix - 2026" ("Anadolu Ankası - 2026") beynəlxalq axtarış-xilasetmə təlimində şərti terrorçunu zərərsizləşdirib və qrup rəhbərini ələ keçirib.
Bu barədə Ölkə.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, təlim planına uyğun olaraq keçirilən brifinqlərdə iştirakçılara təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların mərhələləri, həmçinin əməliyyatların aparılacağı ərazinin relyefi və iqlim xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Tapşırığa əsasən, şərti qəzaya uğramış pilotun aşkarlanması və xilas edilməsi məqsədilə paraşüt-desant və axtarış-xilasetmə bölmələri tərəfindən kompleks əməliyyat icra olunub. Helikopter vasitəsilə əraziyə cəlb edilən paraşüt-desant və axtarış-xilasetmə xidmətinin mütəxəssisləri "fast rope" üsulu ilə eniş edərək binada mövqe tutmuş şərti terrorçu qrupu zərərsizləşdirib və qrup rəhbərini ələ keçiriblər.
Əməliyyatın növbəti mərhələsində ərazi üzərində tam nəzarət təmin edilib, pilot təhlükəsiz şəkildə təxliyə olunub. Tapşırığın uğurla icrasından sonra şəxsi heyət helikopter vasitəsilə ərazini tərk edib.
Eyni zamanda, əməliyyata cəlb olunan aviasiya vasitələri qruplara havadan mühafizə və atəş dəstəyi göstərərək tapşırıqların effektiv icrasına köməklik göstərib.
İcra olunan fəaliyyətlər zamanı şəxsi heyətin yüksək peşəkarlığı, eləcə də bölmələr arasında qarşılıqlı fəaliyyət və koordinasiyanın yüksək səviyyədə olduğu nümayiş etdirilib.
Qeyd edək ki, beynəlxalq təlim aprelin 17-dək davam edəcək.