İstanbul terrorunda şübhəli bilinən Azərbaycan vətəndaşı həbs olundu

İstanbul terrorunda şübhəli bilinən Azərbaycan vətəndaşı həbs olundu Məhkəmə prosesi keçirilib

İstanbulun Atatürk aeroportundakı “terror aksiyası”nda şübhəli bilinən Azərbaycan vətəndaşı barəsində iyulun 3-də həbs qətimkan tədbiri seçilib.

APA xəbər verir ki, iyunun 29-da axşam saatlarında Atatürk hava limanında İŞİD terror təşkilatı tərəfindən həyata keçirilən terror aktının təşkilatçılarından olduğu iddia edilən Azərbaycan vətəndaşı Elçin Bünyadov Bakırköy rayonu 3-cü Sülh Cəza Məhkəməsinin hökmü ilə həbs olunub.

Məhkəmədə E.Bünyadovun hüquqlarını İstanbul Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Figen Ava Destanoğlu müdafiə edib.

E.Bünyadova qarşı Türk Cəza Qanununun “Silahlı terror təşkilatına üzv olmaq və planlı şəkildə adam öldürməyə yardım etmə” maddəsi üzrə ittiham irəli sürülüb.

APA-nın müxbiri məhkəmənin protokolunu da əldə edib. Protokoldan aydın olur ki, məhkəmə prosesində E.Bünyadovun vəkili müdafiəçisi olduğu şəxsə qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini billdirib.

E.Bünyadovdan başqa, “terror aksiyası”nda şübhəli bilinən daha 3 əcnəbi vətəndaş da həbs edilib. Məhkəmə onların vətəndaşları olduqları ölkələrin Türkiyədəki konsulluqlarına bu barədə məlumat verilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki ki, iyunun 29-da Atatürk aeroportunda 3 kamikadzenin özünü partlatması nəticəsində 45 nəfər ölüb, 236 nəfər yaralanıb.

Oxşar xəbərlər