Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə apardığı fəaliyyət, ölkəmizin çoxtərəfli əməkdaşlıq sahəsində nümunəvi rolunu təsdiqləyib

Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə apardığı fəaliyyət, ölkəmizin çoxtərəfli əməkdaşlıq sahəsində nümunəvi rolunu təsdiqləyib

Kazan şəhərində keçirilən XVI BRICS Sammitində Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ölkəmizin beynəlxalq arenada çoxtərəfli əməkdaşlığa verdiyi dəyərin göstəricisidir. Prezident Əliyevin çıxışı, Azərbaycanın son illərdəki beynəlxalq mövqeyini və çoxtərəfli münasibətlərə töhfəsini vurğuladı. Bu, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi zamanı da nümayiş etdirilib.
Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik dövründə apardığı fəaliyyət, ölkəmizin çoxtərəfli əməkdaşlıq sahəsində nümunəvi rolunu təsdiqləyib. Bu təcrübə, hazırda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrlik etməyimizdə də özünü göstərir və Azərbaycanın beynəlxalq münasibətlərdə təsir gücünü artırır.
Azərbaycanın yerləşdiyi coğrafi məkan və ölkəmizdən keçən "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizləri, ölkəmizi Avrasiyada mühüm nəqliyyat qovşağına çevirib. Bu dəhlizlərin ötürücülük qabiliyyətini artırmaq üçün davamlı investisiyalar yatırılması, Azərbaycanın iqtisadi gücünü və regional əlaqələrdə mərkəzi rolunu möhkəmləndirməkdədir.
Bakının COP29 beynəlxalq iqlim konfransına ev sahibliyi etməsi, Azərbaycanın qlobal iqlim məsələlərindəki mövqeyinə və beynəlxalq etibarına işarədir. Təqribən 200 ölkənin bu qərarı dəstəkləməsi, Azərbaycanın iqlim sahəsindəki siyasətinə hörmətin nümunəsidir. Azərbaycan, həmçinin, Qlobal Cənub və Şimal arasında əməkdaşlığa töhfə verməyə sadiqdir.
Sammit zamanı Prezident İlham Əliyev Ermənistan Baş naziri Nikol Paşinyanla görüşərək, ikitərəfli sülh gündəliyi ətrafında müzakirələr apardı. Görüşdə sərhədlərin delimitasiyası, demarkasiya məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edildi, xarici işlər nazirlərinə ikitərəfli dialoqu davam etdirmək təlimatı verildi.
BRICS 2006-cı ildə təsis edilmişdir və bu gün 9 üzv ölkəni birləşdirərək qlobal iqtisadiyyatın əsas oyunçularından birinə çevrilib. Qlobal idarəetmə sistemini daha ədalətli etmək, dövlətlər arasında bərabərhüquqlu əməkdaşlıq qurmaq və demokratikləşməyə töhfə vermək kimi məqsədlərə xidmət edən BRICS, Azərbaycanın beynəlxalq münasibətlərdə dəstəklədiyi dəyərlərlə də uyğunlaşır.
Prezident İlham Əliyevin BRICS Sammitində iştirakı, Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini və beynəlxalq arenada təsir gücünü təsdiqləyir. Azərbaycanın beynəlxalq təşkilatlar vasitəsilə dünyada sülh və sabitliyin təmininə verdiyi töhfə, ölkəmizin həm regional, həm də qlobal arenada əhəmiyyətini göstərir.

Maştağa qəsəbəsi, 28 nömrəli tam orta məktəbin
Azərbaycan dili və ədəbiyyat müəllimi Günel Şükürova



Oxşar xəbərlər