Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir

Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir Cənab Prezident İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında bir daha bildirdi ki, öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.
BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.Təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Bununla yanaşı, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.
Dövlətimizin başçısı çıxışında mühüm əhəmiyyətli mesajlar verdi və bu da tədbir iştirakçıları tərəfindən dəstəkləndi. Prezident qeyd etdi ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Prezident İlham Əliyev bu mühüm çağırışı səsləndirir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir: «Biz heç kimə qarşı heç vaxt heç bir iş görməmişdik, heç kimin işinə qarışmamışdıq. Amma bizim işimizə qarışmaq istəyənlərə də hər dəfə dərs vermişik ki, bunu etməsinlər. Belə cəhdlər var, olacaq. Düzdür, onların heç bir əhəmiyyəti yoxdur. Ancaq bizim xarici siyasət istiqamətində bu amil təbii olaraq həmişə nəzərə alınacaq. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir.»
Güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir.
Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir.
Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Azərbaycan ərazisindən keçən yolların çoxşaxəli olması imkanlarımızı böyük dərəcədə artırır. Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarını söyləyərkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də xüsusi diqqət göstərir. Bildirir ki, ölkəmizin ərazisindən təkcə Bakı-Tbilisi-Qars kimi bir yol keçməyəcək, o cümlədən Zəngəzur dəhlizi işə salınacaq: “Bir sözlə, bütün bunlar əlavə yüklər üçün digər imkanlar açacaq. Eyni zamanda, Azərbaycan ərazisindən daşımalar, həmçinin Gürcüstanın dəniz limanından keçəcək. Biz bu sahədə müəyyən sərmayə imkanlarına böyük maraqla baxırıq. Həqiqətən, daşımalarda əməkdaşlıq bütün ölkələr üçün çox faydalı olacaq və eyni zamanda, o da vacibdir ki, bu işlər ölkələr arasında əlaqələri gücləndirəcək. Ölkələr bir-biri ilə daha sıx bağlı olacaq, inteqrasiya olacaq.”
Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dünyanın diqqətini Azərbaycana yönəldən COP29 da bunun bariz nümunəsidir. Cənab İlham Əliyev istər Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasındakı çıxışında, istərsə də Sammit çərçivəsində keçirdiyi görüşlərdə diqqəti ölkəmizin gələn ay ev sahibliyi edəcəyi COP29-a yönəltdi. «Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransının – COP29-un keçirilməsi məkanı olacaq» söyləyən cənab İlham Əliyev bildirdi ki, təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur. Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.
Göründüyü kimi, Azərbaycan hər bir sahədə əməkdaşlığa xüsusi önəm verir. Hazırkı dövrün reallığı budur ki, Azərbaycan beynəlxalq birliyin fəal üzvünə çevrilib. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazanıb. Ölkəmizin ayrı-ayrı ölkələrlə ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir. Ölkəmizin gündəmə gətirdiyi hər biri layihə beynəlxalq dəstək qazanıb. Beynəlxalq birliyin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Ölkəmizin Avropa institutları ilə də əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamə imzalayıb. Bu, dövlətimizin xarici siyasətinin gündəliyini nümayiş etdirir. Daim çıxışlarında «Bizim üçün isə coğrafiya fürsət deməkdir. Əsrlər boyu birgə yaşayış və tərəfdaşlıq tarixinə malik qonşularımız ilə yaxşı münasibətlər sayəsində biz coğrafi yerləşməmizi müsbət ssenariyə çevirə bilmişik. Bu gün biz üfüqlərimizi genişləndiririk» söyləyən cənab İlham Əliyev bildirir ki, qitələrarası körpü olmağımız cəmiyyətimizin inkişafında mühüm rol oynayır.
Azərbaycanın beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə yönələn addımların miqyası genişliyi ilə diqqətdədir. Ölkəmizin ev sahibliyi etdiyi tədbirlər əməkdaşlığın coğrafiyasının nə qədər geniş olduğunu təsdiqləməklə yanaşı, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasını nümayiş etdirir. Qalib Azərbaycanın bundan sonra daha da möhtəşəm tədbirlərə ev sahibliyi edəcəyi, müxtəlif qurumlara üzv qəbul olunacağı, eyni zamanda, fəxri qonaq qismində qatılacağı şəksizdir. COP29 bir daha bu reallıqların təqdimatına geniş imkanlar yaradacaq.

Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin çağırışaqədərki hazırlıq rəhbəri
Vüqar Məhərrəmov


Oxşar xəbərlər