Azərbaycanın dilbər guşələrindən olan Füzulinin ilkin adı Qarabulaq olub. Rayonun əsası 1827-ci ildə qoyulub. Rayon 8 avqust 1930-cu ildə Qaryagin adlandırılıb. 1959-cu ilin aprelində dahi şairimiz Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişdirilərək Füzuli rayonu adlandırılıb.
Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngindir. Füzuli rayonu da digər yaşayış məntəqələrimiz kimi erməni işğalı zamanı vandalizmə məruz qalıb. Rayon ərazisində olan evlər, tarixi abidələr tamamilə dağıdılıb, ağaclar məhv edilib.
Füzuli rayonu ərazisində yerləşən, qədim dövrün mədəni abidələri kimi UNESCO-nun dünya irsi siyahısına düşən Azıx və Tağlar mağaraları ermənilər tərəfindən dağıdılıb. İşğalçı Ermənistan tərəfindən Füzuli rayonundakı uzunömürlü təbiət abidələri - Şərq çinarları da tamamilə məhv edilib, Ərgünəş meşəsində 500 hektar ərazi yandırılıb.
Ermənistan Respublikasına qanunsuz çıxarılmaqla özgəninkiləşdirilərək talan edilmiş, xüsusi tarixi, elmi, ədəbi və mədəni dəyəri olan əşyalar və sənədlər talanması nəticəsində məhv olmuş, korlanmış və dağıdılmış, bundan başqa işğal olunmuş ərazilərdə Azərbaycan dövlətinə məxsus yeraltı və yerüstü sərvətlər talanmaqla ətraf mühitə qəsdən geniş, uzun sürən və ciddi ziyan vurulub.
27 ildən sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz Vətən müharibəsində yeni tarix yazdı. 44 günlük Zəfər yürüşündə hər gün qələbə xəbərləri gəlirdi. Prezident İlham Əliyev bu xoş xəbərlərdən birini də 2020-ci il oktyabrın 17-də xalqa çatdırdı: “Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir... Bu gün Füzuli rayonunun bir sıra yaşayış məntəqələri işğalçılardan azad edilib - Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun rəşadəti sayəsində Füzuli rayonu öz azadlığına qovuşdu.
Ermənistan üzərindəki qələbədən cəmi 6 gün sonra dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş ərazilərə səfərə getdi və erməni faşistlərinin qəddarlığı ilə yerində tanış oldular. İlk səfər 2020-ci ilin 16 noyabrında işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına oldu. Onlar səfər zamanı Füzuli - Şuşa avtomobil yolunun təməlini qoydular. Bununla da azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinə start verildi.
Genişmiqyaslı layihələrin icrası və Böyük qayıdışın təmin olunması üçün 16 noyabr 2022-ci ildə Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Sərəncam imzaladı. Dövlət proqramı 2022-2026-cı illəri əhatə etməklə qarşıya olduqca mühüm tapşırıqlar qoydu.
Bərpa prosesinə start verilməsi və ilk infrastruktur layihələrinin məhz Füzulidə başlanması Azərbaycanın Şərqi Zəngəzuru və Qarabağı cənnətə çevirməklə bağlı strateji hədəflərinə qətiyyətlə irəlilədiyini göstərir. Ötən dövr ərzində Füzuli Beynəlxalq Hava Limanının tikilib istifadəyə verilməsi, rayonun enerji ilə təmin edilməsi və bu kontekstdə “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlinin qoyulması, Füzuli-Şuşa magistral yolunun, Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Füzuli-Ağdam yollarının çəkilişi, Füzuli-Ağdam yolunun təməlinin qoyulması həm sosial, həm iqtisadi, həm logistik, həm də hərbi-strateji baxımdan olduqca önəmlidir.
Qeyd etmək istəyirəm ki, işğaldan azad olunmuş Füzuli şəhərində çoxlu sayda yaşayış binaları, xəstəxana, uşaq bağçası və digər sosial obyektlər istifadəyə verilib. Artıq bu gün Füzuli şəhərində minlərlə insan məskunlaşıb və onlar rahat yaşayırlar.
Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
tarix müəllimi Şahnaz Quliyeva