Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür

Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür
2023-cü il Azərbaycanın ərazi bütövlüyünün, torpaqlarımız üzərində tam suverenliyin bərpası ili oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 15 oktyabr tarixində Xankəndi şəhərində Azərbaycan Respublikasının Bayrağını göylərə yüksəltdi. Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan ərazilərimizin azad edilməsi istiqamətində əldə edilən parlaq hərbi-siyasi qələbələr bütün ölkə vətəndaşları tərəfindən böyük sevinc hissi, bayram əhval-ruhiyyəsi ilə qarşılandı. Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatları və yeni işğal planlarının qarşısını almaq məqsədilə başladığı və 44 gün davam edən Zəfər yürüşü, hərbi əməliyyatları çərçivəsində düşmənin 30 il ərzində formalaşdırdığı silahlı qüvvələrini darmadağın etdi. Suverenliyimizin tam bərpası istiqamətində inamla irəliləyən və əsas hədəfə doğru addım-addım yaxınlaşan Ali Baş Komandan, 15 oktyabr 2023-cü ildə, hakimiyyətinin 20-ci ildönümündə Xankəndidə Azərbaycanın Dövlət Bayrağını ucaldaraq Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı. Xankəndinin əsas meydanından xalqa müraciət edən Prezident İlham Əliyev ilk gündən xalqa verdiyi sözü yerinə yetirmək üçün xalqı səfərbər edərək gecə-gündüz necə çalışdığını belə ifadə etdi: “İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”. Xankəndi şəhərində Azərbaycan xalqına müraciət edən Prezident İlham Əliyev tarixə nəzər salaraq mühüm faktları da xatırlatdı. Ölkə başçısı bildirdi ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti 100 il bundan əvvəl - 1923-cü ildə yaradılmışdır. Bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi. Bu gün Azərbaycana ən çox düşmənçilik edən o ölkələrdir ki, 1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Bu 30 il ərzində heç nə dəyişməyib. Xalqımız böyük faciələrlə üzləşmiş, 1 milyon insan evsiz-eşiksiz qalmış, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Müasir dövrün mahiyyətcə tam fərqli döyüşləri sayılan Vətən müharibəsində sərkərdə missiyasına başlamazdan əvvəl, Prezident İlham Əliyevin ədalətin bərpası naminə böyük zəhmətlər hesabına başa gələn xüsusi hazırlıq işləri aparması heç zaman unudula bilməz və unudulmamalıdır. Şanlı Qələbəni onlarsız təsəvvür etmək mümkün deyil. Prezident İlham Əliyevin xalqa müraciətlərində, ayrı-ayrı ölkələrin nüfuzlu media orqanlarına müsahibələrində xeyrin şərə qarşı mübarizəsi və onun qələbə ilə nəticələnməsi özünün geniş ifadəsini tapmışdır. Vətən müharibəsində şər üzərində qələbə Azərbaycan xalqının ədalətli mübarizəsinin beynəlxalq əhəmiyyətindən xəbər verir. Bu, möcüzə yox, reallıqdır. Xankəndi azad edilməklə separatizmin rüşeymi təmizləndi. Xankəndi Azərbaycan suverenliyinə daxil oldu. Bu gün yüz ildə olmadığı qədər azaddır, heç vaxt olmadığı qədər bizimdir Xankəndi. Prezident İlham Əliyevin iyirmi il­lik gərgin əməyinin nəticəsi olaraq bu gün ərazi bütövlüyümüz, suverenliyimiz bər­pa olunub. Əlbəttə, buna əminlik və inam hissi heç də elə-belədən yaranmadı. Ölkəmiz ötən iyirmi ildə görünməmiş iq­tisadi nailiyyətlərə imza atdı. Dövlətimizin başçısının həyata keçirdiyi bütün tədbir­lərin bir hədəfi var idi – Qarabağ. Nəticə etibarilə Prezident İlham Əliyevin təbirin­cə desək, elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Azərbay­can xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır”. Sözü imzası qədər keçərli, siyasi iradəsi, prinsipiallığı, uzaqgörənliyi ilə ən yeni Azərbaycan tarixinə öz möhürünü vurmuş və gələcək nəsillərə parlaq inkişaf yolu açmış Lider - İlham Əliyev Azərbaycan ərazisində erməni separatizminə son qoydu, Azərbaycanın müstəqilliyini, hər bir qarış torpağı üzərində suveren hüququnu tam bərpa etdi. bu tarixi zəfərlər müstəqillik tariximizin ən parlaq səhifəsidir. Böyük Qələbə uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan addımların nəticəsidir. Təcrübəli siyasət, xalqın dəstəyi və tarixi ədalət Azərbaycanı Qalib ölkəyə çevirdi. Təbii ki, bu Zəfərin əsas qəhrəmanı Prezident İlham Əliyev və Azərbaycan ordusudur. Dövlətimizin başçısı Vətən müharibəsi dövründə bütün təzyiqlərin qarşısını alaraq Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə etdi. Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr iddia edirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin Prezident İlham Əliyev “Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı dörd qətnaməsini özü icra etdi.Ordumuzun 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağda qondarma rejim özünü buraxdığını elan etdi və bununla da dövlətimiz öz suverenliyini tam təmin etdi. Bununla da Azərbaycan dövləti və xalqı öz gücünü və haqlı olduğunu bütün dünyaya nümayiş etdirdi!
Qarabağ bizim əzəli torpağımızdır, bundan sonra da əbədi olaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olaraq qalacaq! Xankəndi bizimdir!

Pirşağı qəsəbəsi, 112 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi İlahə Abdullazadə

Oxşar xəbərlər