Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissələrindən biridir.Bu gün dünyada sənayeləşmə və rəqəmsallaşmanın sürətlə getdiyi bir dövrdə ən əhəmiyyətli məsələlər sırasında enerji təhlükəsizliyi dayanır. Eyni vaxtda həm enerjiyə artan tələbatın təmin edilməsi, həm də qlobal ekoloji tələblərə əməl edilməsinin vacibliyi dünya ölkələrinin bərpaolunan enerji mənbələrindən istifadəni genişləndirməyə sövq edir. Bu baxımdan qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir, bərpa olunan enerji texnologiyalarının sürətli inkişafı və dünya ölkələrinin qarşıya qoyduqları iqlim hədəfləri “yaşıl enerji” isə keçidini sürətləndirməkdədir.
Azərbaycan Respublikası Cənubi Qafqazın yeganə ölkəsidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş yanacaq-energetika infrastrukturuna və özünü tam təmin edən enerji sisteminə malikdir. Memarı ümummilli lider Heydər Əliyev olan Müasir Azərbaycan Respublikasının təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində getdikcə həlledici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özünəməxsus yer tutması və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.
Azərbaycanın beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmlənməsində enerji amilinin rolunu xüsusi vurğulamaq lazımdır. Danılmaz həqiqətdir ki, bu gün ümumilli lider Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm regional və qlobal əhəmiyyətli aktora çevrilməsində ölkənin müstəqil enerji siyasətinin rolu böyükdür.
Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı Azərbaycanın, bütövlükdə regionun enerji istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir.
Tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması 30 il öncə 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması, yaxud 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi ilə böyük enerji strategiyasının əsasını qoymasından heç də daha az əhəmiyyətə malik hadisə deyil. Bu gün əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır. Bu mənada Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab oluna bilməz. Prezident İlham Əliyevin tədbirdə çıxışı isə eyni zamanda, cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgəfəaliyyət üçün yol xəritəsi hesab oluna bilər.
Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir: “Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür. Azərbaycan Prezidentinin Serbiya-Bolqarıstan İnterkonnektorunun açılışı zamanı bəyan etdiyi kimi, “Bizim əsas hədəfimiz bərpaolunan enerji növləri ilə bağlıdır”. Dövlətimizin başçısı 3 ay öncə Cənub Qaz Dəhlizi Məşvərət Şurası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı iclasında da bəyan etmişdi ki, ən azından yaxın gələcəkdə qazıntı yanacağı olmadan dünya inkişaf edə bilməz. Məhz bu reallığı rəhbər tutaraq Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvü kimi seçilir. 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur. Baxmayaraq ki, biz bunu etməyə də bilər və qazıntı yanacağına fokuslanmaqla daha rahat yolu seçərdik. Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.
Bu gün Cənab Prezident İlham Əliyevin digər sahələrə olduğu kimi enerji təhlükəsizliyi sahəsinə də göstərdiyi xüsusi qayğı və diqqəti nəticəsində Azərbaycan dünya ölkələri arasında özünə layiqli yer tutub. Heç şübhəsiz bu gün yüksək səviyyəli uğurların əldə olunması və inkişaf etdirilməsinin əsası Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan şanlı Zəfərlər təşkil edir.
Azərbaycanın enerji istehsalı və ixracı, enerji təhlükəsizliyi sahəsindəki nailiyyətlərini Prezident cənab İlham Əliyevin ölkəmizdə yaratdığı bu siyasi və iqtisadi sabitliyə, qətiyyətli siyasi iradə nümayiş etdirdiyi xarici diplomatiyaya, dünya dövlətləri ilə qurduğu uğurlu əməkdaşlığa, Vətən və xalq sevgisinə borcluyuq.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Xuraman Atakişiyeva