Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, bölgənin iqtisadi, siyasi və humanitar mərkəzi kimi çıxış edir. Şübhəsiz ki, bunu təmin edən başlıca strateji faktor həyata keçirilən uğurlu daxili və xarici siyasət kursudur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vurğuladığı kimi: “Xarici siyasət sahəsində Azərbaycan regionda və dünyada güclü mövqeyə malikdir.
Həyata keçirilən uğurlu daxili və xarici siyasətin fonunda Azərbaycanın dinamik inkişaf strategiyası rasional səciyyə daşıyır, eləcə də ölkəmiz heç bir beynəlxalq qurumdan, milli dövlətdən asılı olmayan müstəqil siyasət kursuna malikdir.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi qərara alınıb. Post-sovet məkanında ilk dəfə olaraq Azərbaycan Respublikası bu mötəbər qlobal tədbiri gələn il qəbul edəcək.
Bu məsələdə beynəlxalq aləmin vahid mövqedən çıxış etməsi Azərbaycanın dünyada getdikcə güclənən mövqeyinin, artan nüfuzunun əyani göstəricisidir. Beynəlxalq birliyin belə bir qlobal tədbirə ev sahibliyini məhz Azərbaycan dövlətinə etibar etməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətə dünya səviyyəsində olan böyük hörməti, möhkəm dəstəyi nümayiş etdirir. Azərbaycan COP29 tədbirində on minlərlə xarici qonağı qəbul etməyə hazırlaşır.
Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib.
Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsinə çevrilmək Azərbaycan dövlətinin milli hədəflərindən biri kimi müəyyən edilib. Bir müddət əvvəl Bakıda Yaşıl Enerji Məşvərət Şurasının birinci toplantısının baş tutması bu siyasi iradənin növbəti nümunəsidir. Artıq bütün dünyada Azərbaycanın Yaşıl Enerji Dəhlizi barədə danışılır. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstan ilə yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş də imzalayıb.
COP mövzuları bəşəriyyəti, müxtəlif dövlətləri, dövlətlər qrupunu, düşərgələri ümumi məqsəd naminə səfərbər edən, birləşdirən qüvvədir. COP həmrəylik, qlobal məsuliyyəti bölüşmək və əməkdaşlıq platformasıdır.COP29 eyni zamanda sülhə, əmin-amanlığa yol açır.
Bakıxanov qəsəbəsi, 107 saylı tam orta məktəbin
kitabxana müdiri Nübar Əliyeva