Hər birimiz Abşeron yarımadasının boş hissəsinin yaşıl enerji mənbəyinə çevrildiyinə çox sevindik. Azərbaycan “yaşıl enerji” təminatçısı olmaq yolunda böyük bir layihəni işə saldı. Oktyabrın 26-da regionda ən böyük günəş elektrik stansiyası olan və 230 MVt gücə malik Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi.
2020-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında İcra müqaviləsi imzalanmışdır. Müqaviləyə uyğun olaraq “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə günəş stansiyasının tikintisi ilə bağlı pilot layihənin icra edilməsi nəzərdə tutulmuşdur. Bu istiqamətdə 2021-ci ilin 6 aprel tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Azərenerji” ASC ilə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında 230 MVt gücündə günəş elektrik stansiyası layihəsi üzrə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanmışdır. Stansiyanın təməlqoyma mərasimi isə 2022-ci il martın 15-də “Gülüstan” sarayında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə qoyulub.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır.
“Qaradağ Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi Azərbaycanın bərpaolunan enerji sahəsində zəngin potensiala malik olduğunu göstərir və regionda enerji siyasətinə istiqamət verən əsas ölkə olduğunu bir daha sübut edir. Azərbaycanın “yaşıl enerji” ölkəsinə çevrilməsi yolunda atılan addımlar təkcə günəş və ya külək elektrik stansiyaları ilə kifayətlənmir. Xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun ərazilərində hidroenerji potensialı effektiv şəkildə inkişaf etdirilməkdədir. “Yaşıl enerji” həm də cəmiyyətin təhlükəsizliyinə xidmət edəcək gələcək iqtisadiyyat deməkdir.
Pirşağı qəsəbəsi, 112 № li tam orta məktəbin
tarix müəllimi Şahnaz Quliyeva