Azərbaycan Avropa Şurasına üzv olduğu 23 illik dövr ərzində sözügedən təşkilatın ölkəmizə qarşı qərəzli və riyakar siyasəti artıq hər kəsə məlumdur.
2001-ci ildə bu təşkilata gəlmiş Ulu Öndər Heydər Əliyev azərbaycanlı parlamentarilərdən ibarət nümayəndə nümayəndə heyətinə Azərbaycanın uğradığı işğalla bağlı həqiqətləri Avropaya və dünyaya çatdırmağı tövsiyə etmişdi.
Azərbaycan Avropa Şurasına üzv olanda Ermənistan tərəfindən işğala və hərbi təcavüzə məruz qalması nəticəsində hüquqları pozulmuş yüz minlərlə azərbaycanlının hüquqlarının bərpasında Azərbaycana kömək edəcəyi barədə bir ümid var idi.
Lakin uzun illər ərzində Avropa Şurası Parlament Assambleyası (AŞPA) qarşısına götürdüyü öhdəlikləri yerinə yetirməyib. Ermənistan silahlı qüvvələri Qarabağı və ətraf rayonları 30 ilə yaxın müddətdə işğal altında saxlayarkən təcavüzkar dövlətə münasibətdə təzyiq işə salmayıb.
İndi isə Avropa Şurası Parlament Assambleyası (AŞPA) əsl simasını ortaya qoyur və bu qurum Azərbaycanı hədəfə almaq üçün platforma kimi istifadə olunur.
Belə ki, Avropa Şurası Parlament Assambleyası (AŞPA) 23 oktyabr 2023-cü ildə “Dağlıq Qarabağda humanitar vəziyyət” adlı qətnamə qəbul edib. Həmin qətnamənin 23-cü bəndində açıq-aşkar Azərbaycanı təhdid edərək, Azərbaycanın 19-20 sentyabr 2023-cü il tarixində keçirdiyi lokal xarakterli anti-terror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, “Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti”ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib.
22 yanvar 2024-cü il tarixində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarım-sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Bu saxtakar və həqiqəti əks etdirməyən təşəbbüsü Sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe irəli sürmüş və həmin təşəbbüs təsdiqlənmişdir.
Amma açıq-aşkar məlumdur ki, təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsədə, məsələnin arxasında təşkilat rəhbərliyinin mövqeyi dayanır.
Bəllidir ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı vasitə kimi istifadə ediblər.
Bəli, Fransa Azərbaycana qarşı sözügedən qurumdan istifadə edir. Bəzi hallarda isə Fransa təşkilatdan niyyətini Almaniya vasitəsilə reallaşdırmağa çalışır.
Demək ki, Azərbaycanın həm 2020-ci ilin 44 günlük Vətən müharibəsində, həm də 2023-cü ilin 19-20 sentyabr tarixində baş tutan lokal antiterror tədbirləri sayəsində ərazi bütövlüyünü tam brpa etməsi Avropa Şurası kimi, bir çox dairələri, bəlli güc mərkəzlərini narahat edib və narahatlıqdan irəli gələrək ölkəmizə qarşı sinxron şəkildə təzyiqlərə başlayıblar.
Amma unutmaq olmaz ki, dünyada heç kim Azərbaycanla təhdid və şantaj dili ilə danışa bilməz.
Sabunçu qəsəbəsi, 155 nömrəli tam orta məktəbin
laborantı Cahan Mahmudova