Azərbaycan 2001-ci ildən Avropa Şurası Parlament Assambleyasına üzv olmuşdur. 2003-cü ilin yanvar ayından cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyası sədrinin müavini və AŞPA-nın Büro üzvü seçilmişdir. Avropa Şurası Parlament Assambleyasına üzv olan gündən dəfələrlə Ermənistanın təcavüzkar siyasəti ilə əlaqədar tədbirlərin görülməsini, ciddi addımların atılmasını tələb etmiş, lakin ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlar sərgiləyən qurum işğal faktorunun onların predmeti olmadığını qeyd edərək heç bir tutarlı addım atmamışdır. Eləcə də Ermənistan Avropa Şurasının əsas dəyər və prinsiplərinə zidd işğalçı hərəkətlərinə görə qınanmamışdır. Qarşısına qoyduğu hədəflərdən tam kənara çıxan və ölkəmizə qarşı “ikili standart” göstərən AŞPA yalnız ara-sıra bir neçə bəyanat verməklə ərazi bütövlüyümüzün həll olunması məsələsinə biganə yanaşmışdır. AŞPA vasitəsilə Qərbdəki anti-Azərbaycan qüvvələr təcavüzkar tərəfə dəstək olmuş, bizə qarşı isə qərəzli çıxış və bəyanatlar qəbul etmişdir. Bu gün də eyni siyasət yürüdülür və ölkəmizə qarşı əsası olmayan ittihamlar səsləndirilir.
Qarabağ probleminin həllinə görə Avropa Şurasına üzv olarkən Azərbaycanın gözləntiləri torpaqla¬rımızın işğal faktının rəsmən tanınması və işğala son qoyulması üçün təcavüzkar dövlətə təzyiq göstərilməsindən ibarət olmuşdur, lakin əksinə olaraq Ermənistan–Azərbaycan münaqişəsinin davam etdiyi illər ərzində AŞPA bütün hüquqları kobudcasına pozulmuş bir mil¬yondan çox Azərbaycanlının hüquqlarının mü¬dafiəsi üçün bir qərar belə qəbul etməmişdir. AŞPA iclasları zamanı Azərbaycan həqiqətlərinin geniş Avropa auditoriyasına çatdırılması üçün göstərilən bütün səylər və təşəbbüslər aparıcı dövlətlərin deputatları tərəfindən bloklanmışdır. Şuraya üzv olan gündən Cənab İlham Əliyev çıxışlarında daima ərazi bütövlüyümüzün pozulması və bu problemin həllinin vacibliyi məsələsini işıqlandırmağa çalışmış, günahkar tərəfin qanuni əsalarla və hüquq çərçivəsində cəzalandırılmasının təmin olunmasına diqqət çəkmişdir. Lakin qərəzli mövqe sərgiləyən AŞPA bu tələb və təkliflərə baxmaq yerinə Azərbaycana qarşı əsassız ittihamlar irəli sürmüşdür. İşğal dövründə zorla evlərindən qovulan azərbaycanlıların, etnik təmizləməyə məruz qalmış qərbi azərbaycanlıların taleyi heç zaman onların həll edilməsi vacib olan məsələləri sırasına daxil edilməmiş, Azərbaycanın 2020-ci ildə öz suveren ərazilərində beynəlxalq hüququn norma və prinsipləri əsasında həyata keçirdiyi tədbirlər isə “etnik təmizləmə” kimi qələmə verilmişdir. Ölkəmiz beynəlxaq normalara əsaslanan qətnamələri hüquqi çərçivədə özü həyata keçirmək məcburiyyətində buraxılmış və 2020-ci il Vətən müharibəsi və 2023-cü il antiterror əməliyyatı nəticəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etmiş və bununla da Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etmişdir. Müharibədən sonra sülh mövqeyi ilə çıxış edən və sülh danışıqlarına başlamaq üçün təşəbbüs irəli sürən respublikamızın ədalətli mövqeyinin nəzərə alınmaması AŞPA-nın riyakarlığını açıq-aydın göstərmişdir.
Hal-hazırda AŞPA-nın sərgilədiyi anti-Azərbaycan mövqeli çıxışlar bu qurumun qərəzli mövqeyini bir daha ortaya qoymaqdadır. Haqlı tərəf kimi Azərbaycana dəstək olmaq əvəzinə təcavüzkar dövlətə dəstək göstərməsi qəbul etdiyi bəyanatlarda öz təsdiqini tapmaqdadır. Odur ki, ünvanlı sifarişlərin icrasına yönəlmiş qərarlar, dözülməz irqçilik, Azərbaycanofobiya və İslamofobiya mühiti fonunda Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarına gəlmişdir.
Zabrat qəsəbəsi, 71 nömrəli tam orta məktəbin
tarix müəllimi Vüsalə Ağayeva