Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir

Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir
Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Bu faciənin üzərindən artıq 34 il keçir .“20 Yanvar” faciəsini bir müəllim olaraq bu dəfə xarici mətbuatların elə 1990-cı il yanvar ayındakı nəşrləri vasitəsi ilə tanış etmək istəyirəm. Həmin il Bakı qırğınını dünyadan gizlətmək üçün SSRİ rəhbərliyi bütün vasitələrə əl atırdı. Azərbaycan televiziyası partladıldı, radio qapadıldı, qəzetlər bağlandı. Xarici ölkələrə informasiyalar yalnız çox məhdud sayda çatdırılırdı. Amma 20 yanvar faciəsini gizlətmək mümkün olmadı. Həmin il bütün aparıcı Avropa dövlətlərinin və ABŞ KİV-lərində bununla bağlı yazılar dərc olunub. Həmin mətbuat orqanlarından sitatlar:
“Los Angeles Times” qəzeti 23 yanvar 1990 -cı ildə yazırdı: “Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular”.
“Qardian” qəzeti isə 22 yanvar 1990-cı il sayında Azərbaycan xalqının imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxdığını yazırdı: “Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanm qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir”.
Qanlı Yanvar faciəsi ilə bağlı ulu öndər tərəfindən verilən kəskin bəyanat artıq Azərbaycan tarixində yeni siyasi dövrün başlanmasını bildirirdi. Ümummilli lider Heydər Əliyevin növbəti sərt addımı isə SSRİ Nazirlər Sovetinin partiya təşkilatına ünvanladığı 19 iyul 1991-ci il tarixli ərizəsidir. O, Kommunist Partiyası sıralarından çıxmasına dair bu ərizəsində kommunist rejiminin ölkəni uçuruma apardığını, SSRİ-nin dağılmasının labüdlüyünü açıq-aşkar bəyan etmişdi. Heydər Əliyev bu müraciətdə 20 Yanvar hadisəsi ilə bağlı qeydlərində bildirmişdi: “Bu antihumanist, konstitusiyaya və hüquqa zidd hərəkəti ittiham edərkən Sov. İKP və Azərbaycan KP MK-nın bu cinayətin üstünü açacağına və günahkarları üzə çıxaracağına ümid edirdim. Artıq yarım il keçib. Nəinki bu dəhşətli cinayətlərin hamıya çoxdan məlum olan günahkarları üzə çıxarılmayıb, əksinə bunları ört-basdır etmək üçün əllərindən gələni edirlər. Ümid edirlər ki, bu faciə unudulacaq. Ancaq tarix dəfələrlə sübut etmişdir ki, doğma xalqa qarşı yönəldilmiş qanlı cinayətləri on illər keçsə də, unutmaq və bağışlamaq mümkün deyil”.
Azərbaycan rəhbərliyinə ikinci dəfə qayıdışdan sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cu ilin yanvar ayında Milli Məclisdə Azərbaycan xalqına qarşı törədilən faciəvi 20 Yanvar hadisələrinə siyasi qiymət verildi. Yalnız Ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir".

Maştağa qəsəbəsi, 28 №-li tam orta məktəbin
Tarix müəllimi Həsən Xələfov


Oxşar xəbərlər