Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub

Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub 20 Yanvar faciəsi müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub.
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi olaraq həkk olunmuş bir tarixdir.
20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir.
1990-cı il yanvarın 20-də Azərbaycan paytaxtına və respublikanın bir sıra rayonlarına sovet ordusu hissələrinin qanunsuz yeridilməsi, dinc əhalinin qırılması totalitar rejimin törətdiyi ən qanlı aktlardan biri, bütün bəşəriyyətə qarşı yönəldilmiş cinayət oldu.
Ümumilikdə Respublikada 147 nəfər öldürülmüş,744 nəfər yaralanmış,841 nəfər qanunsuz həbs olunmuş,200 ev və mənzil, 80 avtomaşın,o cümlədən təcili yardım maşınları,dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Dövlət, ictimai və şəxsi əmlaka həmin dövrün qiymətləri ilə 5.637.286 rubl miqdarında maddi ziyan vurulmuşdur.
Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb.
Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda,azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara,silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyünü, toxunulmazlığını, azadlığını qorumaq və təmin etmək arzusu idi. Məhz buna görə də xalqımızın bundan sonrakı bütün tarixi boyu 20 Yanvar şəhidləri yaddaşlarda qalacaq və əbədi yaşayacaqdır.
Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, gəmilərdən, avtomobillərdən və qatarlardan səs siqnalları verilir, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.


Maştağa qəsəbəsi, 255 nömrəli tam orta məktəbin
ibtidai sinif müəllimi Asimə Bayramova


Oxşar xəbərlər