COP-İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) ekoloji çağırışlarla əlaqədar formalaşdırılan beynəlxalq platformadır. Azərbaycan iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Respublikamız 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Ölkəmiz Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan, həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinə dünya birliyinin dəstək verməsi ölkəmizin beynəlxalq arenada qazandığı etibar, hörmət və nüfuzdan irəli gəlir. Azərbaycan özünü beynəlxalq birliyin ləyaqətli üzvü kimi aparır və ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirləri yüksək səviyyədə həyata keçirir. COP29 konfransında ev sahibliyimizə Qarabağda lokal xarakterli antiterror tədbirləri keçirilməsindən 2,5 aydan sonra qərar verilməsinin və dünya birliyinin ölkəmizi dəstəklənməsinin böyük siyasi əhəmiyyəti var. Çünki Azərbaycan bu tədbirləri beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həyata keçirdi və öz ərazilərini təkcə qanunsuz erməni silahlılarından təmizləməklə yekunlaşdırdı. Bu antiterror tədbirlərindən sonra dünya birliyinin ölkəmizi dəstəkləməsi Azərbaycanın həyata keçirdiyi bütün addımların beynəlxalq hüquqa əsaslandığının göstəricisidir. Hətta ölkəmizlə düşmənçilik şəraitində yaşayan və 30 il ərazilərimizi işğalda saxlayan, o cümlədən üç il əvvəl döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan da ilk dəfə olaraq öz namizədliyini Azərbaycanın xeyrinə geri götürdü.
Təəssüf ki, ermənidən çox erməni olmağa çalışan Fransa kimi ölkələr Azərbaycanın Qələbəsini həzm edə bilmirlər. Amma dünya birliyi deyiləndə 10-20 yox, 200-ə yaxın ölkə başa düşülür. COP29-un Azərbaycanda keçirilməsinə verilən dəstək dünya birliyi anlamının daha qlobal olduğunu bir daha təsdiq etdi.
Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir ki, sədrlik edir. Ölkəmizin sədrliyi Qoşulmama Hərəkatına bir canlanma gətirib, qlobal əhəmiyyətli qərarların qəbul edilməsi ilə tarixə düşüb. Belə ki, Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə bu hərəkatda institusionallaşma aparılaraq parlament və gənclər şəbəkəsi yaradılıb. O cümlədən COVID-19 pandemiyası ilə əlaqədar BMT-nin xüsusi sessiyası çağırılıb, vaksinlərin ədalətli bölünməsi və hamının əlçatanlığının təmin edilməsi sahəsində qərar qəbul olunub.
Aparılan siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq Ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları da yüksək səviyyədə keçirilib. Beləliklə, bu sahədə qazandığımız təcrübələr gələn il COP29-un ölkəmizdə uğurla keçirilməsinə imkan verəcək. Tədbirlə əlaqədar 10 minlərlə qonaq Azərbaycana gələcək. Bundan əlavə, dünya dövlətlərinin liderləri də COP29-da iştirak edəcəklər. Bu tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə atdığı addımları dünya səviyyəsində tanıtmağına və bu sahənin inkişafına yeni investisiyaların cəlb olunmasına yol açacaq. Azərbaycan neft-qaz ölkəsi olmaqla yanaşı, iqlim dəyişiklikləri ilə bağlı çağırışlara da çevik reaksiya verir. Belə ki, 2030-cu ilə qədər istilik effekti yaradan qazların həcminin ölkəmizdə 35 faizə qədər azaldılması nəzərdə tutulur. O cümlədən sürətlə bərpaolunan enerji sahələri yaradılır və 2030-cu ilə qədər istehsal edilən elektrik enerjisinin 30 faizinin yaşıl enerji üzərinə keçirilməsi ilə bağlı könüllü öhdəlik götürülüb. Bu məqsədlə günəş və külək elektrik stansiyalarının yaradılmasına başlanılıb. Regionun ən böyük günəş elektrik stansiyası - gücü 230 meqavat olan Qaradağ Günəş Elektrik Stansiyası istifadəyə verilib. Ölkəmizdə yaşıl enerji sahələrinin genişləndirilməsi ilə əlaqədar təcrübəsi olan dünyanın aparıcı şirkətləri ilə sazişlər imzalanıb. Bununla bağlı isə yeni layihələrin həyata keçirilməsinə başlanacaq. Bərpaolunan enerji istehsalının genişlənməsi elektrik enerjisinin istehsalı üçün istifadə olunan qaza böyük həcmdə qənaət olunmasına və Avropaya ixrac etməyimizə imkan yaradacaq. Məhz Avropaya ixrac etdiyimiz qazın həcminin artırılması istilik effekti yaradan kömürün yandırılmasının azalmasına töhfə verəcək. O cümlədən Azərbaycan istehsal etdiyi yaşıl enerjini Avropaya ixrac etməsi üçün yeni ixrac marşrutu üzərində işləyir. Ölkəmizin bərpaolunan enerji potensialının 200 qiqavat olduğunu nəzərə alsaq, bu generasiya gücünün formalaşdırılması Avropanın elektrik enerjisinin təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın həlledici rolunu artıracaq.
COP29 beynəlxalq konfrans kimi məsuliyyətli bir tədbirdir. Bu tədbirin keçirilməsinə az vaxt qalsa da, hazırlıq işləri yüksək səviyyədə təşkil olunur. Məsələ ilə bağlı ilk iclasın dövlətimizin başçısının rəhbərliyi ilə keçirilməsi bu tədbirin nə qədər məsuliyyətli olduğunun göstəricidir. Hesab edirəm ki, Azərbaycan COP29 tədbirini keçirməklə bu sahəyə də bir yenilik gətirəcək. Ölkəmizdə keçirilən bütün tədbirlər yeniliklərlə hər zaman beynəlxalq ictimaiyyəti təəccübləndirib. Bu tədbirdə də qlobal əhəmiyyətli təsiredici gücə malik qərarlar qəbul edilməklə Azərbaycan dünya tarixində yeni bir imza ilə fərqlənəcək.
Bakıxanov qəsəbəsi, 74 nömrəli tam orta məktəbin
müəllimi Şöhrət Əhmədova